BAKI, 29 noyabr — Sputnik. Qamaleya Mərkəzində omikron-ştamma görə təlaşlanmamağı tövsiyə ediblər.
Koronavirusun “omikron” (omicron) ştammına görə təlaş yaratmağa dəyməz, profilaktik tədbirlər olduğu kimi qalır - peyvənd, revaksinasiya və maskalardan istifadə.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Qamaleya Mərkəzinin patogen mikroorqanizmlərin populyasiya dəyişkənliyi mexanizmləri laboratoriyasının rəhbəri Vladimir Quşşin bildirib.
“Bu günlərdə təlaş yaratmağa dəyməz, insanların peyvənd və revaksinasiya olunması, maska taxması kimi tədbirlər eynilə qalmalıdır. Əminliklə deyə bilərəm ki, peyvəndlərdən istifadə davam edəcək və insanları ağır xəstəlikdən qoruyacaq. COVİD-19-a qarşı peyvənd əvvəllər virusun digər ştamlarına qarşı necə təsir edirdisə, indi də elə fəaliyyət göstərəcək”, - deyə Quşşin “Rusiya 24” kanalının efirində vurğulayıb.
O, qeyd edib ki, peyvənd edilməmiş hər kəsə vaksin vurdurmağı və peyvənd olunduğu gündən 6 ay keçmiş şəxslərin hamısına revaksinasiyadan keçməyi indi tövsiyə etmək olar.
Quşşinin sözlərinə görə, COVID-19-a qarşı immuniteti olan insanlar virusun variantlarını, o cümlədən bu gün bizi narahat edənləri daha yaxşı zərərsizləşdirir.
Xatırladaq ki, infeksionist Nikolay Malışev COVID-19-un omikron-ştamına qarşı peyvəndlərin effektivliyini qiymətləndirib. Onun sözlərinə görə, peyvəndin effektli olacağını düşünmək üçün bütün əsaslar var. Eyni zamanda, Malışev peyvəndin bəlkə də bir az zəif təsir edəcəyini vurğulayıb. Mütəxəssis omikron ştammının bu yaxınlarda ortaya çıxdığını və onun peyvənd olunanlar arasında ötürülmə qabiliyyətindən danışmağın hələ tez olduğunu qeyd edib.
Noyabrın 11-də Cənubi Afrikada B.1.1.529 kodu ilə yeni COVID-19 ştammı aşkar edilib və vahid hallar Avropa ölkələrində də qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı bu variantı təhlükəli hesab edib və koronovirus xəstəliyindən yeni bir ştammla yoluxma riskinin daha yüksək ola biləcəyi barədə xəbərdarlıq edib.
Həmçinin oxuyun: