MƏDƏNİYYƏT

Azərbaycanlı rejissorun filmi iki nüfuzlu beynəlxalq festivalda mükafat qazanıb

Filmin baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev və Nazim Hüseynov, rejissoru Fariz Əhmədov, ssenari müəllifləri Esmira Əyyub və Fariz Əhmədovdur. Filmin təsvir rejissoru polşalı kinematoqrafçı Mateuş Çuxnovskidir
Sputnik
BAKI, 29 noyabr — Sputnik. Bir çox nüfuzlu beynəlxalq festivallarda iştirak edən, kinorejissor Fariz Əhmədovun "Sonuncu" filmi bu dəfə iki beynəlxalq mükafata layiq görülüb.
"Azərbaycanfilm" kinostudiyasının PR meneceri Lətif Lətifsoyun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Bakı Media Mərkəzi" və "Salnaməfilm" Studiyası tərəfindən istehsal olunmuş "Sonuncu" sənədli filmi 20-26 noyabr tarixlərində Belarusun Minsk şəhərində keçirilən 27-ci "Listapad" - Minsk Beynəlxalq Film Festivalının sənədli filmlər üzrə müsabiqə bölməsində "Приз за верность жанру" – (Janra sədaqət) mükafatına, bununla yanaşı 23-28 noyabr tarixlərində Polşanın Lodz şəhərində keçirilən 31-ci Media Festivalı - "Man in Danger"də, Kazimierz Karabasz "Patient Eye" – (Səbirli göz) və pul mükafatına layiq görülüb.
Filmin baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev və Nazim Hüseynov, rejissoru Fariz Əhmədov, ssenari müəllifləri Esmira Əyyub və Fariz Əhmədovdur. Filmin təsvir rejissoru polşalı kinematoqrafçı Mateuş Çuxnovskidir.
Film, Kürdili adasının sonuncu sakini Vitali Pronindən bəhs edir. 1981-ci ildə Xəzər dənizində suyun səviyyəsinin qalxması nəticəsində vaxtilə həyat qaynayan Kürdili adaya çevrilərək yaşayış üçün əlverişsiz hala gəldi. Əhalinin əksəriyyəti adadan köçdü. Qazsız, işıqsız və demək olar ki, insansız qalan ada tənhalaşdı, təbiəti, heyvanları vəhşiləşdi, evləri dağıldı. Daha orada heç kim yaşamırdı... 68 yaşlı Vitalidən başqa… O, adayla nəfəs alır. Son nəfəsini də adada alır. Rejissorun sözlərinə görə, filmin qəhrəmanı filmin çəkilişləri zamanı dünyasını dəyişib.
Qeyd edək ki, "Sonuncu" bu il premyerasını 50-ci Rotterdam Beynəlxalq Film Festivalında etdikdən sonra müxtəlif ölkələrin mühüm film festivallarında iştirak edib. Eyni zamanda Bosniya-Herseqovinada keçirilən 15-ci "Jahorina Film Festivalı"nda "Ən yaxşı sənədli film" nominasiyası üzrə "Golden Maple" (Qızıl Ağcaqayın), Polşada həyata keçirilən "OFF CINEMA" 25-ci Beynəlxalq Sənədli Film Festivalında "Bronze Castle" (Bürünc Qəsr), 5-ci "DokuBaku" Beynəlxalq Sənədli Film Festivalında "Ən yaxşı yerli sənədli film" nominasiyaları üzrə mükafatlara layiq görülmüşdür. Bununla yanaşı, Polşanın Torun şəhərində keçirilən 29-cu "EnergaCAMERIMAGE" Beynəlxalq Film Festivalının sənədli filmlər üzrə əsas müsabiqə bölməsində iştirak edib.
Məlumat üçün qeyd edək ki, kinorejissor Fariz Əhmədov hal-hazırda "Azərbaycanfilm" Kinostudiyasının direktorudur. Onun filmləri indiyə qədər bir çox beynəlxalq festivalların iştirakçısı və mükafatçısı olub.