İQTİSADİYYAT

Yüklərin daşınması ilə bağlı yeni qayda

Ekspert: Avtomobil nəqliyyatı vasitəsilə əmtəə təyinatlı yüklərin daşınmasına görə elektron əmtəə-nəqliyyat qaiməsini və yük avtonəqliyyatı üçün elektron yol vərəqini tərtib etmək vergi ödəyicisinin vəzifəsinə daxil edilir.
Sputnik
BAKI, 28 noyabr — Sputnik. Vergi uçot və sisteminin təkmilləşməsi üçün yeni sənəd formalarının tətbiq edilməsi nəzərdə tutulur. Sputnik Azərbaycan xəbər verir ki, bunu İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev Vergi Məcəlləsinə edilən son dəyişikliklərdən danışarkən deyib.
Onun sözlərinə görə, məsələn, təsərrüfatdaxili yerdəyişmə ilə bağlı elektron-qaimə faktura əvvəllər olmayıb:

"Artıq təsərrüfatdaxili yerdəyişmə ilə bağlı elektron-qaimə faktura tətbiq ediləcək".

O bildirib ki, Vergi Məcəlləsinə yeni "Maddə 71-3. Elektron əmtəə-nəqliyyat qaiməsi və yük avtonəqliyyatı üçün elektron yol vərəqi" adlı maddə əlavə edilir:
İqtisadi Tədqiqatlar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev
"Əmtəə təyinatlı yüklərin daşınmasına görə elektron əmtəə-nəqliyyat qaiməsi və yük avtonəqliyyatı üçün elektron yol vərəqi tərtib ediləcək. Artıq yükdaşıma xidməti göstərən şirkətlər özlərinə uyğun elektron-qaimə faktura yaza biləcəklər. Əvvəllər bunu xidmətin göstərilməsi qaiməsində rəsmiləşdirirdilər, amma bundan sonra onlar üçün ayrıca yanaşma tətbiq ediləcək. Bundan başqa, avtomobil nəqliyyatı vasitəsilə əmtəə təyinatlı yüklərin daşınmasına görə elektron əmtəə-nəqliyyat qaiməsini və yük avtonəqliyyatı üçün elektron yol vərəqini tərtib etmək vergi ödəyicisinin vəzifəsinə daxil edilir. Bu, onu göstərir ki, artıq malların da satıcı market şəbəkəsinə aparılmasına vergi orqanları nəzarət edəcəklər".
Qeyd edək ki, bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev Vergi Məcəlləsinə son dəyişiklikləri şərh edib.
Xatırladaq ki, dəyişikliklər Milli Məclisin iclasında ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.