İQTİSADİYYAT

İnzibati xətalara görə cərimələrdə dəbbə pulu yüksəkdirmi? - DETALLAR

Milli Məclisin iclasında deputatlar dəbbə pulu məsələsinə toxunublar. Hüquqşünas inzibati xətalara görə cərimələrdə dəbbə pulu məsələsini Sputnik Azərbaycan-a şərh edib.
Sputnik
BAKI, 28 noyabr — Sputnik. Milli Məclisin ötən həftəki iclasında deputatlar dəbbə pulu məsələsinə toxunublar. Deputat Sabir Rüstəmxanlı deyib ki, maşını saxlayıb gedirsən, axşam 60 manat cərimə gəlir. Bir ay ödəməsən, unutsan, 120-130 manat olur. Adı da olur ki, dəbbə faizi gəlib. Komitə sədri Tahir Mirkişili isə deyib ki, cərimənin məbləği və fəlsəfəsi ödəyə bilmək üçün deyil. Cərimənin fəlsəfəsi qaydanı pozmamaq üçündür: "Dəbbə pulunun çox olması ilə bağlı da bizə müraciətlər daxil olur. Bununla bağlı araşdırmalarımız olacaq. Dəbbə pulunun çox olması ilə bağlı fikrə qatılıram".
Hüquqşünas Elyar Həsənov inzibati xətalara görə cərimələrdə dəbbə pulu məsələsini Sputnik Azərbaycan-a ətraflı şərh edib.
Hüquqşünas deyib ki, İnzibati Xətalar Məcəlləsində dəbbə pulu anlayışı var: "Üç kateqoriya pozuntu ilə bağlı cərimələrdə dəbbə pulu nəzərdə tutulub. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara, ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalara, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda olması və yaşaması qaydalarının pozulmasına görə cərimələrdə dəbbə pulu hesablanır.
Digər kateqoriya inzibati xətalarda dəbbə pulu yoxdur.
Məsələn, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə qərar qüvvəyə mindiyi gündən 30 gün müddətində cərimə ödənilməlidir. 30 gün müddətində cəriməni ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq edilir. Yəni 2 aydan sonra dəbbə pulu hesablanmır.
Məsələn, sürücü pozuntuya görə 30 gün ərzində 100 manat cərimə ödəməli idi, amma bunu etməyib. Bundan sonra hər gün 100 manatın üzərinə 1 manat dəbbə pulu gəlir. Əgər şəxs cəriməni ödəməyi 2 ay gecikdirsə, bu, 160 manat pul edəcək. Əgər cərimə 20 manatdırsa, 30 gün ərzində ödənilmirsə, gündəlik üzərinə 20 qəpik dəbbə pulu gələcək. Əvvəllər isə dəbbə pulu 1 il hesablanırdı".
O bildirib ki, 2 ay müddətində cərimə ödənilmədikdə səlahiyyətli orqan şəxsin nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir: "Cərimə, müvafiq dəbbə pulu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqq ödənildikdən sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. 3 ay müddətində cərimə ödənilmədikdə, şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılır və cərimənin ödənilməsi məcburi icraya yönəldilir. Bu, şəxsin əməkhaqqından, əmlakından tutulur. Hətta ölkədən çıxışı məhdudlaşdırıla da bilər. Amma bunu heç cür icra etmək mümkün olmayanda o cərimənin 5 il müddəti var və 5 ildən sonra o cərimə qüvvədən düşür".
İQTİSADİYYAT
Banklar gecikdirilmiş kreditə görə cərimə tətbiq etməyəcək - Müddət uzadıldı
"Burada güzəşt də var. Yol hərəkəti qaydalarında inzibati xətaya görə cərimə 10 gün ərzində ödənilsə, cərimənin 10 faizi məbləğində güzəşt əldə edilir. Şəxs 50 manat cəriməni 10 gün ərzində ödəsə, 45 manat ödəyə bilər. Əgər cərimə 20 manatdırsa, 18 manat ödəyirsiniz", - deyə o qeyd edib.
Dəbbə pulunun yüksək olub-olmaması məsələsinə gəlincə, hüquqşünas bildirib ki, burada təhlil aparmaq lazımdır ki, bu, sosial-iqtisadi rəqəmlərlə (minimum əməkhaqqı və s.) nə dərəcədə uzlaşır:
"Məsələn, dayanma və ya durma qaydalarını pozmağa görə 20 manat cərimə var. Şəxs var ki, işinə görə gün ərzində 20 yerdə maşın saxlamalı olur. Bu zaman o, gün ərzində 3 dəfədən artıq cərimələnir və ona 60 manat cərimə yazılır. Bu məbləğ taksi sürücüsü üçün ağırdır. Amma elə şəxslər də var ki, gəlirləri yüksəkdir və 20 manat cərimə onun üçün heç nədir. Belə şəxslərə o cəza effekt vermir".
Maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov isə Sputnik Azərbaycan-a açıqlamasında cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanmasını normal hesab edir: "Bizdə maliyyə intizamı məsələsi problemdir. Ödənişi vaxtı-vaxtında etmirlər, söhbət ödəniş qabiliyyəti olanlardan gedir. Dəbbə pulunun mahiyyəti odur ki, şəxs vaxtında cəriməni ödəsin. Sadəcə Azərbaycanda vətəndaşın özünü müflis elan etməsi haqqında qanunvericilik yoxdur. Yəni kimin ödəniş qabiliyyəti yoxdursa, özünü müflis elan edə bilsin. Bizdə problem budur".
Eləcə də oxuyun:
* Sabir Rüstəmxanlı: "Maşını saxlayıb gedirsən, axşam 60 manat cərimə gəlir"
* Mərkəzi Bank bilirdi ki, heç kim əməl etməyəcək: indi sahibkar borcludur, bank isə yox