BAKI, 26 noyabr — Sputnik. Tütün əvəzləyiciləri, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri aksizli mallara aid edilir.
Sputnik Azərbaycan xəbər verir ki, bunu İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev Vergi Məcəlləsinə edilən son dəyişikliklərdən danışarkən deyib.
O bildirib ki, dəyişikliyə əsasən, tütün əvəzləyicilərinin hər kiloqramına 30 manat, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər bir ədədinə isə 0,25 manat aksiz dərəcəsi tətbiq olunacaq. Tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə tətbiq olunan 35 manat aksiz dərəcəsi 38,5 manata qaldırılır. Eyni zamanda qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının 1000 ədədinə tətbiq olunan 12,9 manat aksiz dərəcəsi 14 manata qaldırılır.
İqtisadi Tədqiqatlar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev
© Sputnik / Nigar Iskanderova
Ekspert qeyd edib ki, içməli spirt, araq, likör və konyakın da aksiz dərəcələri artırılır: "İçməli spirt (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti, tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti), araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likör və likör məmulatları, konyak və konyak materialları hər litrinə tətbiq olunan aksiz dərəcəsi 3,2 manatdan 4 manata qaldırılır".
"Aksiz dərəcələrinin qaldırılması siqaret və spirtli içkilərin qiymətinə təsir edəcək", - deyə o əlavə edib.
Xatırladaq ki, dəyişikliklər Milli Məclisin iclasında ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.
Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib ki, vaxtilə siqaret bazarında kölgə iqtisadiyyatının səviyyəsi kifayət qədər yüksək olub: "Bu gün son göstərici təxminən 2-3%-dir. Bütün ölkələrdə bu göstərici var. Amma əvvəlki dövrdə aksizin birdən-birə artırılması düzgün addım olmazdı. Bu sahə ilə məşğul olan sahibkarlar anlayırlar ki, proses davamlı olacaq. Bu gün bir qutu siqaretin orta qiyməti 2,40 manat təşkil edir. Aksizlərə tətbiq edilən artım qiyməti siqaretlərin də orta qiymətinə təsir edəcək. Bundan sonra siqaretin bir qutusunun orta qiyməti 2,60 manat təşkil edəcək. Bu sahədən əldə olunan gəlirlər dövlət səhiyyə sahəsinə ayrılır. Məsələ bu şəkildə tənzimlənir".
Azərbaycanda papiros və siqaret istehsalı kəskin artıb
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 10 milyard 395,5 milyon ədəd papiros və siqaret istehsal edilib ki, bu da illik müqayisədə 80,3% artıb. Eyni dövrdə Azərbaycanda 853,8 milyon ədəd hazır papiros və siqaret ehtiyatı yaranıb.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1972,3 ton fermentləşdirilmiş tütün istehsal olunub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 43,9% azdır. Hesabat dövründə ölkədə 1433,8 ton hazır fermentləşdirilmiş tütün ehtiyatı yaranıb.
Siqaret idxalı azalıb
2021-ci ilin yanvar-avqust aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə tütün ixracı 34,1 faiz azalıb. 2020-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 2021-ci ilin yanvar-avqust aylarında siqaret idxalı 17,5 faiz azalıb. 2021-ci il oktyabrın 1-nə kimi sahələrdən 4,8 min ton (1,5 faiz çox) tütün yığılıb.
Həmçinin oxuyun:
Geridə qalmışların həvəsi - Zərərli trend Azərbaycanda qadınları da haqladı
Mütəmadi tütün tüstüsü udan uşaqlar daha tez qocalırlar