BAKI, 26 noyabr — Sputnik. Vergi Məcəlləsinə təklif edilmiş dəyişikliklərdən biri də fiziki şəxslər tərəfindən regionlarda yaşayış və qeyri-yaşayış sahələrinin, habelə torpaq sahələrinin satışı üzrə vergi yükünün azaldılmasıdır.
Sputnik Azərbaycan xəbər verir ki, İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev bildirib ki, fiziki şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələri, habelə torpaq sahəsi satılarkən həmin daşınmaz əmlakın sahəsinin hər kvadratmetrinə verginin baza məbləği binalar üzrə 15 manat, torpaq sahələri üzrə (kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla) isə 0,5 manat olmaqla daşınmaz əmlakın yerləşdiyi zonadan asılı olaraq müvafiq əmsallar tətbiq edilməklə vergi öhdəliyi hesablanır.
O bildirib ki, dəyişikliyə əsasən, ucqar yerlərdə yaşayan vətəndaşların bu əməliyyatları üzrə vergi öhdəliyini azaltmaq məqsədilə həmin zonalar üzrə verginin baza məbləğinə tətbiq edilən zona əmsalı 0,5-dən 0,3-ə endirilir: "Bununla da regionlarda fiziki şəxslərin mülkiyyətində olan torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə ödəmə mənbəyindən tutulan sadələşdirilmiş verginin məbləği azalacaq".
Qeyd edək ki, bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev Vergi Məcəlləsinə son dəyişiklikləri şərh edib.
Xatırladaq ki, dəyişikliklər Milli Məclisin iclasında ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.