AZƏRBAYCAN XƏBƏRLƏRİ

Qaz pulunu sosial şəbəkələr üzərindən yükləmək mümkün olacaq

"Azəriqaz" İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev deyib ki, onlayn sayğaclar hesabına abonentlər sosial şəbəkə üzərindən ödənişi yükləyə biləcəklər.
Sputnik
BAKI, 26 noyabr — Sputnik. Gələn ildən "Azəriqaz" İstehsal Birliyinin təsdiq etdiyi smart-kart tipli sayğacları onlayn sayğaclar olacaq.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev bu gün keçirilən "Açıq qapı" aksiyasında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, hazırda bunun üzərində iş gedir: "Onlayn sayğaclar hesabına abonentlər sosial şəbəkə üzərindən ödənişi yükləyə biləcəklər".
R.Əliyev bildirib ki, bundan da başqa, istehsalatda olan köhnə smart-kart tipli sayğaclar "card reader" ilə əlaqələndiriləcək:
"Bu "card reader"ləri "ASAN Xidmət" Mərkəzlərində və yaxud texnologiyalar satılan mağazalardan əldə etmək mümkün olacaq. Bu "card reader"in proqram təminatını "Azəriqaz" təmin edəcək. Bu proqramı da abonent istənilən mobil telefona və ya kompüterə yükləyərək həm özünün, qonşunun və istənilən yaxının qaz kartına ödənişini yükləməklə həyata keçirə bilərlər".