BAKI, 26 noyabr — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan Sünik vilayətinin (Zəngəzur) icma rəhbərləri ilə görüşü zamanı Qarabağ barədə sensasion bəyanatla çıxış edib. Sputnik Azərbaycan xəbər verir ki, Ermənistanın "Hraparak" nəşri Paşinyanın Qarabağın Azərbaycana məxsus olduğunu bildirib.
"Mənbələrimiz bildirib ki, Paşinyan Qarabağın Azərbaycana məxsus olması fikri ilə barışmağa çağırıb. O, bildirib ki, sadəcə 30 il biz öz-özümüzü aldatmışıq və sonra nəticədə baş verməli olan baş verib", - nəşrin məlumatında bildirilir.
Nəşr yazır ki, Paşinyanın görüş zamanı dediklərini bir sıra icra rəhbərləri ilə dəqiqləşdirməyə çalışıb, lakin təsdiq ala bilməyib. Görüş zamanı Paşinyan icma rəhbərlərinə bildirib ki, Ermənistan Azərbaycana Zəngəzur ərazisindən Naxçıvana yol verməyə bilməz:
"Çünki Əliyev buna hərbi yolla nail olmağa çalışacaq, bizim isə bu qarşıdurma üçün resursumuz yoxdur".