SƏHİYYƏ

Beş min manatlıq körpə

"Suit” otaqlara görə paket qiyməti 5000 AZN-dir. Bu paketə görə qeydiyyatdan keçərək ödəniş edən xəstə paketdən əlavə qalmaq istədiyi hər günə görə 500 AZN ödəməli olur.
Sputnik
BAKI, 26 noyabr — Sputnik. Hüquq müdafiəçisi Çingiz Qənizadə doğuş qiymətlərinin pulsuz olması ilə bağlı təklif irəli sürüb.
O, Sputnik Azərbaycan-a bildirib ki, özəl xəstəxanalarda doğuş qiymətləri çox yüksəkdir.
"Hüquq müdafiəçisi, valideyn niyə doğuş üçün pul ödəməli, övladını pulla dünyaya gətirməlidir?! Bu xərclər dövlət tərəfindən qarşılanmalıdır", - Qənizadə deyib.
Maraqlıdır, bəs ölkədə müşahidə edilən inflyasiya fonunda doğuşun qiymətləri necədir?
Sputnik Azərbaycan iki gecəlik doğuş paketlərinin qiymətlərini öyrənib:
VİP paketdə təbii doğuş qiyməti 1300 AZN-dir. Qeysəriyyə yolu ilə uşaq dümyaya gətirmək 1500 AZN-dir. Paketdən kənar hər günə görə ayrıca olaraq 100 AZN ödəniş tələb olunur.
"Suit" otaqlara görə paket qiyməti 5000 AZN-dir. Bu paketə görə qeydiyyatdan keçərək ödəniş edən xəstə paketdən əlavə qalmaq istədiyi hər günə görə 500 AZN ödəməli olur. "Suit" otaqlar paketinin müəyyən üstünlükləri də var. Bu ödənişə görə, xəstə ilə görüş saatı sərbəst olur, xəstənin həyat yoldaşı istərsə, pulsuz olaraq doğum prosesində iştirak edə bilir. Bundan əlavə, xəstəyə pulsuz olaraq standart foto albom təqdim olunur.
Özəl xəstəxanalarda qiymətdən asılı olaraq xidmətlər, təkliflər də dəyişir.
Klinikalardan bildirilir ki, son iki ildə təbii doğuş və qeysəriyyə qiymətlərində 100-200 manat arası artım qeydə alınıb. Lakin hələlik ki, son bahalaşmalar doğuş və qeysəriyyə qiymətlərinə təsir etməyib.
Lakin bu qiymətlər bəzi amillərdən asılı olaraq dəyişir. Əlaqə saxladığımız klinikalardan əkizlərə görə qiymətlərin daha yüksək olduğu bildirilib. Bəzi klinikalarda bu məbləğ 200, 250 AZN daha artıqdısa, digər xəstəxanalarda bir qədər də yüksəkdir.
Klinikalar süni mayalanma nəticəsində yaranmış dölün qeysəriyyə yolu ilə dünyaya gətirilməsinin qiymətlərinin də fərqli - 2 min manat civarında olduğunu bildiriblər. Bundan başqa, həkimdən, xəstənin vəziyyətindən, xəstəliklərdən və digər amillərdən asılı olaraq da qiymətlər dəyişkəndir.
Ümumilikdə isə, qiymətlərə körpələrə ilk peyvəndlər və 15 gün ərzində həkim müayinəsi, 20% endirimlə doğuşdan sonra körpənin sünnət olunması daxildir.