CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda nə qədər narkoman var? DİN rəsmi rəqəmləri açıqladı

Bu müddət ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 5021 nəfər cəlb edilib.
Sputnik
BAKI, 26 noyabr — Sputnik. 2021-ci ilin 10 ayı ərzində Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 55600 nəfər istiqamətləndirilib. Bu barədə Sputnik Azərbaycan-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.
Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 2981 nəfərindən 2193-nün istifadəçi olması müəyyən edilmiş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.
Bu müddət ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 5021 nəfər cəlb edilib.
Bu ilin 10 ayı ərzində Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilən xarici ölkə vətəndaşlarının da sayı açıqlanıb. Cinayət məsuliyyətinə cəlb edilən şəxslərdən 51 nəfəri xarici ölkə vətəndaşıdır. Onların 21-i İran İslam Respublikası, 11-i Gürcüstan, 10-u Rusiya, 4-ü Türkiyə, 3-ü Ukrayna, 1-i Hindistan və 1-i isə Pakistan vətəndaşıdır. Xarici ölkə vətəndaşlarından ümumilikdə 1 ton 343 kq və 5004 ədəd müxtəlif növ narkotik vasitə, psixotrop maddə və 1580 ədəd güclü təsir edən maddə götürülüb.