BAKI, 25 noyabr — Sputnik. "Azərbaycanda təhsil alma göstəricisi 98-99 faizdir. Elə bir uşaq yoxdur ki, onun məktəbə getmək, təhsil almaq imkanları məhdudlaşdırılsın".
Sputnik Azərbaycan xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Dayanıqlı İnkişaf şöbəsinin müdiri Hüseyn Hüseynov deyib.
O qeyd edib ki, dövlət tərəfindən kifayət qədər infrastruktur yaradılıb, məktəblər tikilir, təmir edilir:
"Eyni zamanda, gender məsələsi də önəmli məsələdir. Bu gün dünyada təhsilə çıxış imkanları olmayan şagirdlərin təxminən üçdə birini qız uşaqları təşkil edir. Biz əgər müasir əmək bazarının tələblərindən danışırıqsa, inklüziv formada həyata keçirilən layihələrin böyük əhəmiyyəti var. Bu layihələr şagirdlərin məktəbdəki bilikləri ilə paralel onların əlavə bacarıqlarının artırılmasına xidmət edir".
"Qlobal iqtisadi forumunun hesablamalarına görə, bu gün məktəbə gedən şagird - on bir illik təhsil, daha sonra bakalavr, magistratura təhsilini oxuduğu iyirmi illik dövrdən sonrakı əmək bazarına daxil olanda bu gün mövcud olan peşələrin təxminən yetmiş faizə qədəri həmin vaxtda mövcud olmayacaq. Deməli, istedad erkən yaşda müəyyənləşdirilməlidir. Orta məktəbdə onun bilik və bacarıqları ilə paralel əlavə bacarıqları da formalaşdırılmalıdır ki, artıq o, gələcəkdə ixtisas seçimi prosesində daha düzgün və müasir trendləri, innovativ yanaşmalar özündə əks etdirən ixtisas seçimi əldə etsin. Bizim də gələcəkdə əmək bazarında artıq ixtisaslı işçiyə təlabatımızda ciddi boşluq yaranmasın", - nazirlik rəsmisi əlavə edib.