BAKI, 25 noyabr — Sputnik. Noyabrın 18 və 19-da Rusiya Federasiyasının paytaxtında ÜST-ün Avropa Regional ofisi 9 Şərqi Avropa və Mərkəzi Asiya ölkəsinin milli məktəb səhiyyə sistemlərinin yaxşılaşdırılması layihəsinin yekun toplantısı keçirilib. Toplantıda Azərbaycandan olan nümayəndələr də iştirak ediblər.
Maraqlıdır, bu görüşün nəticəsi nə oldu və Azərbaycan özü üçün hansı problemləri müəyyən edə bildi?
Məktəblərdə həkim çatışmır
Sağlamlığı Təşviq edən Məktəblər layihəsinin ölkə üzrə milli koordinatoru Səbinə Babazadə də həmin tədbirin iştirakçısı olub. O, Sputnik Azərbaycan-a açıqlamasında problemlərdən danışıb, bildirib ki, ölkə məktəblərində həkim çatışmazlığı var: "Doqquz MDB və bir neçə Avropa ölkəsi ÜST-ün sorğu alətindən istifadə edərək məktəblərdə səhiyyə xidmətlərinin qiymətləndirilməsi layihəsini başa çatdırdı. Bu sorğuda məktəb rəhbərliyi, valideynlər və məktəblilər iştirak etdilər. Nəticədə bütün məktəblərdə həkim çatışmazlığı probleminin olduğu ortaya çıxdı. Həkimlərin iş yükü həddindən artıq çoxdur. Çünki əvvəlki dövrə nisbətən məktəblərdə şagird sayı artıb. Bu da iş yükünün artmasıdır".
O bildirir ki, normaya uyğun olaraq bir həkimə 1800-2500 şagird, bir tibb bacısına 1000 şagird düşür: "Bundan başqa, bəzi məktəblərdə valideyn-həkim əlaqələrinin möhkəm olması müəyyən edilsə də, bəzilərində valideynlərin övladlarının xroniki xəstəliyi haqda həkimlərə məlumat vermədikləri bəlli olub".
Nazirlik rəsmisinin sözlərinə görə, aparılan sorğularla əlaqədar hesabatın dərc olunması üçün beynəlxalq ekspertlərlə birgə işə başlanılacaq, rəqəmlər və digər detallar dəqiqləşdiriləcək: "Nəticə olaraq çalışacağıq ki, yeni standart və protokollar tərtib edək, məktəblərdə tibbi xidmətlərin keyfiyyətini artıraq".
S.Babazadə bildirib ki, növbəti addım kimi Təhsil və Səhiyyə nazirliklərinin birgə fəaliyyət planı tərtib oluna bilər. Bundan başqa, ehtiyac olarsa, məktəbdə çalışan həkim və tibb bacıları üçün əlavə tematik kurslar yaradıla bilər.
İki qurumun qızmar davasında uşaqlar donurlar
Tibb üzrə ekspert Adil Qeybulla Sputnik Azərbaycan-a açıqlamasında günün ən aktual probleminə toxunub. O deyir ki, bu gün məktəblərin şagirdləri "Azəriqaz" İstehsalat Birliyi ilə "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyəti arasındakı çəkişmələrin qurbanına çevriliblər.
"Sağlamlıqdan danışırıqsa, öncə bəzi məktəblərdə istilik sistemi probleminə toxunmalıyıq. "Azəristiliktəchizat" ASC ilə "Azəriqaz" İB arasında münasiqəşələrin davam etməsi uşaqların soyuqdan donmasına səbəb olur. Genofondumuz olan uşaqların belə problemlərdən əziyyət çəkməsi nə dərəcədə doğrudur? Bununla bağlı dövlət qurumları ciddi şəkildə tədbirlər görməlidirlər. Xüsusən də pandemiya dövründə belə bir vəziyyətin yaradılması yolverilməzdir. Məktəblərin tibbi xidmətləri bununla bağlı məsələ qaldırmalı, təhlükəni izah etməlidir".
A.Qeybulla bildirir ki, məktəblərdəki tibbi məntəqələrdə kiminsə oturması yetərli deyil, həkim nəzarətinin olması da çox önəmlidir.
"Məktəbdə həkimin olması çox vacibdir, çünki bir uşağın epilepsiyası ola bilər və dili qatlanarkən həkim müdaxiləsi həyati əhəmiyyətlidir. Məktəbdir, uşaq yıxıla, travma ala bilər. Bu və bu kimi hallar var".
Nəzarət yoxdur, bəs ortada bunadək baş verən hər hansı faciə varmı sualına cavab olaraq A.Qeybulla vurğulayır ki, bu faktların ictimailəşdiyini söyləmək çətindir: "Biz sadəcə olaraq müəyyən epizodlar haqda eşidirik. Media az-çox informasiyanı tez əldə etmək imkanına malik olsa da, bəzi hadisələr heç ictimailəşmir. Bu səbəbdən bu haqda birmənalı rəy bildirmək çətindir".
Həkim deyir ki, məktəblərdə fəaliyyət göstərən tibbi xidmət personalları şagirdlərin peyvəndlənməsinə nəzarət etməlidir: "Çünki ibtidai sinif şagirdləri hələ də tam peyvəndlənmədən keçməyiblər. Uşaqların səhhətinə nəzarət edilməli, hansısa problemi olan şagird vaxtında xəstəxanaya göndərilməlidir".
Hətta ən yaxşı məktəb cəmi bir otağına qıyır
"Ümumiyyətlə, məktəblər üçün həkimlər ayrılıb, ya ayrılmayıb - bu mənə maraqlıdır. Bu tibbi personalın sayı neçə şagirdə hesablanıb, bu da maraqlıdır. Bu suallarla bağlı yeni normativlər hələ də açıqlanmayıb", - deyə o əlavə edib.
Ölkədə tibbi xidmətlərin təşkili ilə bağlı ümumilikdə problemlərin olduğunu deyən A.Qeybulla bildirir ki, məktəblərdə ən azı ilkin tibbi yardımın göstərilməsi öyrədilməlidir. Həmçinin bu qaydaların izah edilməsi üçün əyani vəsaitlərin olması vacibdir: "Pandemiya dövründə bu cür mövzularda xüsusilə diqqətli olmaq lazımdır. Şagirdlərin tibbi müayinəsi vaxtında aparılmalıdır. Sanitar qaydalara riayət edilməsinə də nəzarət olunmalıdır. Amma etiraf edim ki, bu gün məktəblərin tibbi məntəqələri yarıtmaz vəziyyətdədir və bunu qənaətbəxş hesab etmək olmaz. Ən yaxşı məktəbdə belə, tibbi xidmətlərin göstərilməsi üçün bir otaq ayrılıb. Lakin orada tibb bacısı var, ya yoxdur - bilinmir. Yəni məktəblərdə tibbi xidmət bu səviyyədədir. Bunadək görməmişəm ki, hansısa məktəbdə bir həkim otursun".
O, nəzarətsizliklə bağlı problemə də toxunub. A.Qeybulla təəssüflə deyir ki, bu gün şagirdlərin sağlamlığı üçün təhlükə hesab edilən energetik içkilər məktəblərin qarşısındakı mağazalarda satılır: "Düşünürəm ki, buna da bir nəzarət olmalıdır".
Uşaq çoxdursa, xəstəlik də boldur
Pediatr Telman Aytayev tibbi xidmətlərlə yanaşı, məktəblərdə pandemik vəziyyətlə mübarizə məsələsinə toxunub və bildirib ki, öncə siniflərdə şagirdlərin sayı problemi qabardılmalıdır: "Heç bir ölkədə bu qədər şagird bir otaqda təhsil almır. Şagird sayının çox olmasının mənfi tərəfləri çoxdur. Bu, xəstəliklərin çox olması deməkdir. Düşünürəm ki, bu say dünyadakı standartlara uyğun olmalıdır".
T.Aytayev onu da vurğulayır ki, müəyyən müddətlərdə şagirdlərin eşitmə, görmə qabiliyyəti yoxlanılmalıdır.
Təhsil üzrə ekspert Kamran Əsədov isə bildirib ki, məktəblərdə tibbi xidmətlər üçün otaqlar olsa belə, oradakı kadrların heç biri məktəbin balansında olan işçilər hesab olunmur və onlar yerli poliklinikalar tərəfindən məktəblərə təhkim olunublar. Onun sözlərinə görə, orta məktəblərdə tibbi xidmət o qədər də ürəkaçan deyil.
Ekspert bildirir ki, hazırda ölkədə 4432 məktəb varsa, onların hər birində iki tibb bacısı növbəli şəkildə fəaliyyət göstərir: "Bəzi hallarda bu kadrlar məktəblərdə deyil, yaxın poliklinikalarda otururlar".
Nəzarət kimin əlindədir?
Kamran Əsədov deyir ki, ümumiyyətlə məktəblərə həkim deyil, tibb bacısı ayrılır: "Yerli poliklinikanın kadr vəziyyətinə uyğun olaraq bu iş həyata keçirilir. Rayon məktəblərində bu sahədə çoxsaylı sıxıntılar var. Ümumiyyətlə, bəzi xəstəxanaların özündə bu cür kadrların çatışmazlığı var. Bəzi hallarda poliklinikalar tibb bacılarını məktəblərə təhkim etsələr də, onlar məktəbə gələ bilmirlər".
K.Əsədovun sözlərinə görə, hazırda respublikada məktəblərin 51 faizində şagird sayı 200-dən az olsa da, qalanında bu say həmin həddən çoxdur.
Qeyd edək ki, 2020-ci ildə ÜST-ün Avropa və Rusiya Federasiyası üzrə regional ofisi Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Özbəkistan və Ermənistanın milli məktəb sağlamlıq sistemlərinin qiymətləndirilməsi üçün araşdırmaya başlayıb. Tədqiqatın məqsədi ölkələrə mövcud milli tənzimləyici çərçivələrin qiymətləndirilməsində, eləcə də onların keyfiyyətinin yaxşılaşdırılması üçün məktəblərdə səhiyyə xidmətlərinin göstərilməsinə dəstək olmaqdır.