RUSİYA

Rusiya buğdanın bir tonunu 315 dollara ixrac edir

Cari ilin oktyabr ayında buğdanın 1 tonunun dünya bazarı qiyməti isə əvvəlki ay ilə müqayisədə 9.01% artaraq 294 dollar səviyyəsində qərarlaşıb
Sputnik
BAKI, 25 noyabr — Sputnik. Rusiyadan ixrac edilən buğdanın qiymətində 2020-ci ilin noyabr ayından müşahidə olunan artım trendi 2021-ci ilin mart ayından qeyri-müəyyənlik ilə əvəz olunub.
Sputnik Azərbaycan-ın məlumatına görə, 2021-ci ilin oktyabr ayında 1 ton buğdanın ixrac qiyməti əvvəlki aya nisbətən 3.65% artaraq 315.4 ABŞ dolları səviyyəsində qərarlaşıb.
Rusiyanın daxili bazarında buğdanın qiymətində 2020-ci ilin oktyabr ayından 2021-ci ilin iyul ayına qədər qeyri-müəyyənlik müşahidə olunub, sonrakı aylarda isə artım trendi ilə əvəz olunun. 2021-ci ilin oktyabr ayında 1 ton buğdanın qiyməti əvvəlki aya nisbətən 6.65% artaraq 245.3 ABŞ dolları olub.
2021-ci ilin oktyabr ayı ərzində Qara dəniz və Azov dənizi portlarında buğdanın 1 tonunun qiyməti müvafiq olaraq 307 ABŞ dolları ilə 322 ABŞ dolları və 281 ABŞ dolları ilə 295 ABŞ dolları arasında dəyişib.
Qeyd edək ki, 2021-ci ilin oktyabr ayında buğdanın 1 tonunun dünya bazarı qiyməti əvvəlki ay ilə müqayisədə 9.01% artaraq 294 dollar səviyyəsində qərarlaşıb.
2021/2022-ci məhsul ili üzrə qlobal buğda istehsalı 0.13% artaraq 776 milyon ton olacağı proqnozlaşdırılır.
Xatırladaq ki, 2021-ci ilin yanvar-avqust aylarında Azərbaycana 122.2 milyon ABŞ dolları dəyərində 481.0 min ton buğda idxal edilib. Bu da ötən ilin müvafiq dövrünə nisbətən dəyər ifadəsində 17.1%, miqdar ifadəsində isə 30.3% azdır. İdxalın 96.4%-i Rusiyadan, 3.6%-i isə Qazaxıstandan həyata keçirilib.
2021-ci ildə ölkədə 1885.4 min ton buğda istehsal olunub ki, bu da ötən ilinə nisbətən 1.0% çoxdur. Bu il buğda üzrə məhsuldarlıq göstəricisi hektardan 32.9 sentner təşkil edib. Ötən il isə bu göstərici 31.7 sentner/ha olub. Son illərin orta göstəricisinə əsasən ölkədə buğda ilə özünütəminetmə səviyyəsi 60 faizdir.