BAKI, 25 noyabr — Sputnik. Çin İranla birlikdə birtərəfli fəaliyyətlər və təqib siyasətinə qarşı çıxmağa, həmçinin daxili işlərə qarışmamaq prinsipini müdafiə etməyə hazırdır. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Çinin Xarici İşlər naziri Van İ İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan ilə söhbətində bildirib.
İki ölkənin xarici işlər nazirliklərinin rəhbərləri arasında söhbət çərşənbə günü video konfrans formatında baş tutub.
"Çin öz inkişaf modelini ixrac etmək niyyətində deyil, ancaq inkişafı sürətləndirmək və eyni zamanda müstəqilliyini qorumaq istəyən İran kimi ölkələr üçün nümunə olmağa ümid edir", - deyə Vanq İ vurğulayıb.
Onun sözlərinə görə, "Çin istənilən birtərəfli hərəkət və təqib siyasətinə qarşı çıxmaq, daxili işlərə qarışmamaq prinsipini dəstəkləmək və beynəlxalq ədaləti və qərəzsizliyi müdafiə etmək üçün İranla əməkdaşlıq etməyə hazırdır".
Nazir qeyd edib ki, ÇXR sədri Si Tzinpinin irəli sürdüyü qlobal inkişaf təşəbbüsünə İranın dəstəyini Çin yüksək qiymətləndirir və iki ölkə arasında hərtərəfli əməkdaşlıq planının həyata keçirilməsində İranla işləməyə və onların strateji tərəfdaşlığının yeni nəticələrinə nail olmağa hazırdır.
"Çin hökuməti İran xalqına dostluğunu ifadə etmək üçün daha bir peyvənd partiyasını İrana vermək qərarına gəlib", - deyə nazir qeyd edib.