BAKI, 25 noyabr — Sputnik. Altı il əvvəl Kopenhagendə "Repair Cafe" (Təmir kafesi) müştərilərin zərər görmüş elektrik avadanlıqlarını pulsuz təmir etmək kampaniyasına başlayıb. Sputnik Azərbaycan "Euronews"a istinadən xəbər verir ki, kafenin qurucusu Stiq Bomholt onun fəaliyyəti haqqında danışarkən deyib ki, biz dünyanın qayğısına qalmalıyıq.
O bildirib ki, artıq planetdə əvvəlki kimi yaşamaq imkanımız yoxdur və buna görə də cihazlar hələ işlək vəziyyətdədirsə, onları atmamalıyıq, təmir etməliyik: "Ancaq bu, həmişə asan olmur. Bəzi istehsal müəssisələrinin məhsulları elə hazırlanır ki, onları açmaq və ya təmir etmək mümkünsüzdür. Buna görə də onları yenidən həyata qaytarmaq olmur".
"Təmir hüququ" kampaniyasının qurucularından biri də Kloe Mikolajçakdır. O qeyd edib ki, bərpa prosesinə bəzi amillər mane olur: "Buna misal olaraq deyə bilərəm ki, bəzən zədə görmüş parçanı dəyişdirməyi çətinləşdirən xüsusi alətlərin və detalların tələb olunması, bəzən də təmir üçün məlumatlara əlçatanlıq olmaması işi ləngidir".
Qeyd edək ki, Danimarka bütün Avropa Birliyində elektriklə işləyən cihazların təmir edilməsi reytinqini müəyyən edən təlimat siyasəti hazırlayır. Belə bir siyasət artıq cari ilin əvvəlindən Fransada tətbiq olunmağa başlayıb. Bu, alıcılara hər hansı məhsulu almazdan əvvəl onun uzunömürlülüyü haqqında məlumat vermiş olur.