HADİSƏ

Bərdədə faciə: Xəstə sanıb xilasediciləri gözlədilər, iki həyat söndü

Bərdədə gənc ana və 2 yaşlı oğlu dəm qazından boğulublar. Hadisə şahidləri təfərrüatları Sputnik Azərbaycan-la bölüşüblər. Bildiriblər ki, sən demə, ailə başçısı evə gələndə qadın sağ olub.
Sputnik
BAKI, 25 noyabr — Sputnik. Bərdə şəhərinin mərkəzində, çoxmənzilli yaşayış binasında bədbəxt hadisə baş verib. Yevlax rayon sakini, 1995-ci il təvvəlüdlü Yusifova Ayşən Eldəniz qızı və övladı, 2019-cu il təvvəlüdlü Əliyev Tunar Vüsal oğlu yaşadıqları evdə dəm qazından boğulublar.
Qonşuların sözlərinə görə, olaydan gec xəbər tutublar. Ailənin yaxın qonşusu Vüsal Qasımov bildirib ki, fakt baş verməzdən əvvəl xanımı həyətdə görüblər. Amma axşam saatlarından sonra nə qadın, nə də uşaq gözə dəyib. Həmin gün ailə başçısı da evə gec gəlib. O gələndə isə artıq iş-işdən keçibmiş: “Hadisə gecə saat 1-2 radələrində olub. Qonşum evə gələndə qapını döyüb, açan olmayıb. Bundan narahat olan ailə başçısı yoldaşının telefonuna zəng edib. Telefona da cavab verilməyəndə artıq nəsə olduğunu başa düşüb".
Hadisə yerində olan şahidlərin verdiyi məlumata görə, həyat yoldaşı evə gələndə qadın hələ sağ imiş. Qapıya gələ bilməsə də huşu özündə olub. Həyat yoldaşı pəncərələrin birinə yaxınlaşanda oradan səs gəldiyini eşidib. Yıxılan qadın huşunu itirmək üzrə imiş. Yoldaşı təcili tibbi yardım çağırıb.
Vüsal Qasımov
Vüsal Qasımov deyir ki, əgər elə həmin anda qapını qırıb, içəri girmək mümkün olsaymış, bəlkə də həyatlarını xilas etmək olarmış.
"Xeyli çəkib. Bilirsiniz, elə hadisə olanda adam özünü itirir. Hər kəs yığışıb ki, görsünlər, qadın yaşayırmı? Amma yoldaşı baxıb ki, qadın uzanıb. Onun epilepsiya tutması olduğundan şübhələniblər. Bu, hadisəni bir az da qəlizləşdirib. Təcili yardım gəlib, polisə müraciət olunana, Fövqəladə Hallar Nazirliyinin xilasetmə qrupunun əməkdaşları qapını qırana qədər gec olub. Təcili yardımın həkimləri gəlib baxıb, deyiblər ki, artıq gecdir, ikisi də ölüb. Uşağın iki, Ayşən xanımın 25 yaşı vardı".
İlkin ehtimallara görə, hamam otağında "pyatiminutka" deyilən suqızdırma avadanlığı işlək vəziyyətdə olub. Hamamla evin arasındakı qapı açıq olub. O səbəbdən də evdəkilərin dəm qazından dünyalarını dəyişdikləri ehtimal edilir. Hazırda onların meyitləri müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə təhvil verilib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.