BAKI, 25 noyabr — Sputnik. Ötən il noyabrın 25-də Kəlbəcər rayonu üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq erməni işğalından azad edildi.
Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi.
Ötən ilin noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli Bəyanat ımzalanmışdı.
Bəyanatda Kəlbəcərin noyabrın 15-dək qaytarılması nəzərdə tutulsa da, ermənilər rayonu boşaltmaq üçün Rusiya vasitəsilə Azərbaycandan daha 10 gün vaxt istəyib. Azərbaycan humanizm prinsiplərini əsas götürərək, güzəştə gedib, ermənilərə 10 gün əlavə vaxt verib. 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycanın nəzarətinə qaytarılıb. Beləliklə, Kəlbəcərin 27 illik işğalına son qoyulub.
Lakin verilən 10 gün möhlət müddətində də ermənilər xislətlərinə uyğun davranaraq, Kəlbəcərdə dağıntılar törədib, 27 il işğalda saxladıqları rayonu tərk edərkən evləri, binaları, tikililəri talan edib, yandırıb, ağacları qırıb, ekoloji terrora əl atıblar.
Bundan başqa, onlar Kəlbəcəri tərk etməzdən əvvəl rayonun müxtəlif ərazilərində, yol keçidlərində piyada və tank əleyhinə minalar basdırıblar. Bunun nəticəsində 2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində jurnalistləri daşıyan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb, partlayışda "Azərtac"ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olublar, daha 4 nəfər isə yaralanıb.
Bu bir ildə Kəlbəcərdə hansı işlər görüldü, nələr dəyişdi?
Sputnik Azərbaycan bu barədə ümumi məlumatı təqdim edir:
Artıq bir müddətdir ki, işğaldan azad olunan Kəlbəcərdə hərbi hissə tikilib. Prezident İlham Əliyev 2021-ci il avqustun 17-də Kəlbəcər şəhərindəki N saylı hərbi hissədə yaradılan şəraitlə tanış olub.
Digər görülən işlər nələrdən ibarətdir?
Hazırda "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" tərəfindən Toğanalı-Kəlbəcər avtomobil yolunda Murovdağ tunelinin inşası davam etdirilir, bundan başqa, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun genişmiqyaslı tikintisinə başlanılıb.
Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun texniki göstəriciləri: yol – 80.7 km, I-II texniki dərəcəli, 2-3 hərəkət zolaqlı, tunel – 11.6 km.
Görülən işlər: 7 km Toğanalı kənd yolunda asfalt-beton örtük tikilib, 48 km mövcud yol genişləndirilib və hərəkətə yararlı vəziyyətə gətirilib, 14 km hissəsinə asfalt-beton örtük döşənib, Murovdağ tunelində qazma işləri davam etdirilir.
Kəlbəcər-Laçın avtomobil yolu
Kəlbəcər–Laçın avtomobil yolunun texniki göstəriciləri belədir: yol – 72.3 km, I-II texniki dərəcəli, 2-3 hərəkət zolaqlı, tunel - 9.8 km;
Görülən işlər: yolun torpaq yatağının tikintisi işlərinə başlanılıb.
Ölkə başçısının Kəlbəcər səfəri və "Azərişıq" ASC-nin Kəlbəcər üzrə fəaliyyəti
Cari ilin avqustun 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonunda olublar. Dövlət başçısı Kəlbəcər şəhərində Azərbaycan bayrağını ucaldıb. Prezident və birinci xanım Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunan 11,6 kilometrlik tunelin və Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikilən 3,4 kilometr uzunluğundakı tunelin təməllərinin qoyulması mərasimlərində iştirak ediblər, "İstisu" sanatoriyasında olublar.
Daha sonra Prezident İlham Əliyev Kəlbəcər Kiçik Su Elektrik Stansiyasında görülən işlərlə tanış olub. Eyni zamanda, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 110/35/10 kV-luq "Kəlbəcər" yarımstansiyasının açılışında iştirak ediblər. Dövlət başçısı yarımstansiyanı işə salıb. Kəlbəcər rayonunun Qamışlı kəndi ərazisində müasir avadanlıqlarla təchiz olunaraq inşa edilən yeni yarımstansiyada 80 MVA gücündə yeni transformatorlar quraşdırılıb. Yarımstansiyada 110 kilovoltluq açıq, 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğular yaradılıb. "Kəlbəcər" yarımstansiyası məsafədən idarəolunan SCADA Dispetçer İdarəetmə sisteminə qoşulub və bunun üçün yeni idarəetmə binası tikilib. Burada ən yeni rəqəmsal texnologiyalardan istifadə edilib.
Qeyd edək ki, ermənilər tərəfindən enerji sistemi tamamilə dağıdılan Kəlbəcər rayonuna Daşkəsəndən 70 kilometr məsafədə 110 kV-luq yüksəkgərginlikli ikidövrəli elektrikötürmə xətti çəkilib. Murov dağını aşmaqla çəkilən xəttin bəzi anker dayaqları dəniz səviyyəsindən 3400 metr yüksəklikdə quraşdırılıb.
"Azərişıq" Açıq Səhmdar Cəmiyyəti isə Kəlbəcəri işığa qərq etmək istiqamətində işlərini davam etdirir. Belə ki, sentyabrın 20-də "Azərişıq" ASC Kəlbəcər rayonun mərkəzində daxili şəbəkə, küçə işıqlandırması və müxtəlif dövlət orqanlarının yerləşdiyi müvafiq tikililərdə elektrik enerji xətlərini bərpa edib.
Kəlbəcərin elektrik enerjisi ilə təchizatını dayanıqlı və keyfiyyətli etmək üçün əsaslı işlər görülür. 110 kV-luq Kəlbəcər xəttinə elektrik enerjisi ötürəcək Daşkəsəndə yerləşən 110 kV-luq yeni "Daşkəsən" yarımstansiyası inşa edilir.
Həmçinin, mənbə kimi istifadə olunacaq "Gəncə-2" yarımstansiyasından Daşkəsənə, 110 kV-luq "Daşkəsən" yarımstansiyasını qidalandıracaq yeni çəkilən 110 kV-luq elektrik veriliş xəttinin dayaqlarının tikilməsi prosesi də davam edir. Bu xətt Azərbaycanda ən mürəkkəb və çətin relyeflərdən keçən yüksək gərginlikli xətt kimi tarixə düşə bilər. Xəttin keçdiyi dağlarda texnikanın rahat hərəkət etməsi üçün öncə yol çəkilib. İşlər gecə saatlarında da davam edir. Xətt boyu çəkilən yollar "Daşkəsən" yarımstansıyasınadək uzanır.
Əsas məqsəd Kəlbəcər rayonunu və həmçinin Daşkəsənin ucqar dağ kəndlərini dayanıqlı və kefiyyətli elektrik enerjisi ilə təmin etməkdir. Kəlbəcər xəttinin üzərində 110 kV-luq yeni "Əhmədli" yarımstansiyası da inşa olunub. Hansı ki, bu yarımstansiyadan çıxan və yeni inşa olunan 35 kV-luq "Zağalı" xətti Daşkəsən rayonunun 30-dək ucqar dağ kəndini dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edəcək. İşlər yekunlaşmaq üzrədir.
Noyabrın 23-də "Azərişıq" ASC Kəlbəcərdə aparılan işlər çərçivəsində hərbi hissələri elektrik enerjisi ilə təmin edib. Kəlbəcərin elektrik enerjisi ilə təchizatını dayanıqlı və keyfiyyətli etmək üçün görülən işlər davam etdirilir. Son bir ay ərzində görülən işlər çərçivəsində hərbi hissələr elektrik enerjisi ilə təmin olunub. Qısa zamanda rayonun Vəng, Bağlıpəyə, Qamışlı, Çaykənd və Qılınclı kəndləri ərazisində ümumilikdə 8 ədəd Komplekt Transformator Məntəqələri quraşdırılaraq hərbi hissələrin və taborların elektrik enerjisi ilə təchizatı başa çatdırılıb.
Ümumlikdə elektrik enerjisi təminatı başa çatdırılmış hərbi hissələr üçün 6,2 kilometr 10 kV-luq, 2500 metrdən çox 0,4 kV-luq kabel elektrik veriliş xətti, 1,5 kilometrdən artıq 10 kV-luq hava elektrik veriliş xətti çəkilib. Görülən işlərin davamı olaraq 110/35/10 kV-luq "Kəlbəcər" yarımstansiyasından Vəng, Bağlıpəyə kəndləri istiqamətində 10 kV-luq hava elektrik veriliş xətti bərpa olunub. "Kəlbəcər" yarımstansiyası-Zülfüqarlı kəndi arası 18 km 10 kV-luq hava elektrik veriliş xətti bərpa edilib.
Həmçinin, Yanşaq və Çopurlu kəndləri arasında 35 kV-luq hava xətinin bərpasına başlanılıb. Həmçinin "Kəlbəcər" yarımstansiyası - "İstisu" qəsəbəsi arası 3 km məsafədə hava xəttində yararsız vəziyyətdə olan naqillər yenisi ilə əvəz olunub, yeni dayaqlar quraşdırılıb. İstisu-Alagöllər arası 37 kilometr 35 kV-luq hava kabel xəttinin bərpası üçün dayaqların quraşdırılması işləri davam etdirilir.
Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq "Azərsu" Açıq Səhmdar Cəmiyyəti işğaldan azad edilmiş ərazilərdə su təchizatı sistemlərinin bərpası və yenidən qurulması istiqamətində işləri davam etdirir.
"Azərsu" Açıq Səhmdar Cəmiyyətindən verilən məlumata görə, işğaldan azad olunmuş Kəlbəcər rayonunda təxirəsalınmaz tədbirlər görülərək şəhərə suyun verilməsi, hərbi və mülki təyinatlı obyektlərin su təchizatı təmin edilib.
İşğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahından verilən məlumata görə, Kəlbəcər rayonu işğaldan azad olunduqdan sonra operativ şəkildə rayon mərkəzinin içməli su təchizatı sistemlərinin bərpasına başlanılıb. Rayon ərazisində xidməti vəzifələrini yerinə yetirən şəxsi heyətin, eləcə də tikinti-quraşdırma işlərinə cəlb olunmuş mülki əhalinin dayanıqlı içməli su təminatı məqsədilə Kəlbəcərdə fasiləsiz xidmət təşkil olunub, su mənbələri, magistral kəmərlər və anbarlarda lazımi işlər görülür.
Kəlbəcər rayonundakı içməli su mənbələri işğal dövründə istifadəyə yararsız vəziyyətə salındığından qısa müddətdə Zvel və Qaraxaç çaylarının birləşdiyi nöqtədə suqəbuledici qurğular quraşdırılıb və içməli su mənbəyi kimi istifadəsinə başlanılıb. Su mənbəyindən Kəlbəcər şəhərinə çəkilmiş mövcud 27 km uzunluğunda 220 mm diametrli polad magistral su kəmərinin 96 nöqtəsində qəzalı hissələr təmir edilib və şəhərə suyun verilməsi təmin olunub. "Azərsu" ASC-nin 7 nömrəli Regional Sukanal İdarəsinin əməkdaşları tərəfindən ötən müddətdə ümumi tutumu 116 kubmetr olan 4 su anbarı yuyularaq dezinfeksiya edilib. Kəlbəcər şəhərində içməli su şəbəkəsinin qəzalı hissələrində təmir-bərpa işləri görülüb. Su təchizatı sistemində aparılan bərpa işlərindən sonra ərazidəki mülki və hərbi obyektlər dayanıqlı içməli su ilə təmin olunub. İndiyədək Kəlbəcər şəhərində 28 hərbi və mülki obyekt, 40-dək fərdi yaşayış evi içməli su ilə təmin edilib.
Kəlbəcər rayonunda xidmətin keyfiyyətinin yüksəldilməsi və işçilərin əmək şəraitinin yaxşılaşdırılması məqsədilə yararsız tikililərdən biri təmir olunaraq istifadəyə verilib.
"Azəriqaz" İB tərəfindən isə hələlik ki, Kəlbəcər rayonunda qazlaşma işlərinə başlanılmayıb.
Xatırladaq ki, Azərbaycan Ordusunun Ermənistanın 2020-ci il sentyabrın 27-də təcavüzünə qarşı başladığı əks-hücum əməliyyatı 2020-ci il noyabrın 9-da Zəfərlə başa çatıb.
Prezident İlham Əliyevin 2020-ci il dekabrın 29-da və 2021-ci il iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib. Onlar şəhərin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiklərinə görə təltif olunublar.