BAKI, 24 noyabr — Sputnik. Rusiyada 12-17 yaşlı yeniyetmələrə COVID-19-a qarşı peyvəndin tətbiqinə icazə verilib. RİA Novosti-nin xəbərinə görə, bunu Rusiyanın Qamaleya mərkəzinin sədr müavini Denis Loqunov bildirib.
"Bu gün (noyabrın 24-də-red.) "Sputnik"-in uşaqlarda tətbiqinə dair icazə alındı, preparat bu məqsədlə qeydiyyatdan keçirildi", – deyə o brifinqdə bildirib.
Oktyabrın ortalarında Qamaleya mərkəzinin direktoru Aleksandr Ginzburq RİA Novosti-yə bildirmişdi ki, uşaqlarda tətbiq olunacaq koronavirus peyvəndinə "Sputnik M" adının veriləcəyi gözlənilir.
Rusiya səhiyyə nazirinin köməkçisi Aleksey Kuznetsovun sözlərinə görə, yeniyetmələrə peyvənd könüllülük prinsipi əsasında və yalnız valideynlərin, yaxud uşaqlarının nların qanuni qəyyumlarının razılığı ilə vurulacaq.
Xatırladaq ki, hazırda vaksinasiya COVID-19-a qarşı ən etibarlı müdafiə sayılır. Rusiya səhiyyə naziri Mixail Muraşkonun sözlərinə görə, stasionarda müalicə alan koronavirus xəstələrinin əksəriyyəti peyvənd olunmamış şəxslərdir.
Sentyabrın sonlarında ÜST SARS-CoV-2 virusundan ölüm halları ilə peyvənddən imtina arasında əlaqə olduğunu bəyan etmişdi.