Hazırda 31 yaşı olan Aruzun kiçik yaşlarından səhhətində problemlər yaranıb. Beyninə su yığılması onun normal uşaqlar kimi məktəbə gedib təhsil almasına əngəl olub. O səbəbdən hələ də yazıb-oxumağı bacarmır. Lakin buna baxmayaraq, heç kimin köməyi olmadan mobil telefonları təmir etməyi, sintezator alətində ifa etməyi və unikal əl işləri yaratmağı öyrənib.
Altı ildir başladığı yaradıcılıq işləri son dövrlər onu üstələyən ağrılardan yaxa qurtarmağına, arzularına bir az da yaxınlaşmasına kömək olub. Qarabağ Zəfərindən sonra Aruz əl işlərinə vətənpərvərlik mövzusunda əsərlər daxil edib. Birinci qrup əlil olan gənc müharibədə iştirak edə bilmədiyinə görə Aruz Vətənə sevgisini bu cür bildirir.
O, əsərləri ilə Şəmkirdə və paytaxtda bir neçə dəfə sərgilərdə iştirak edib. Müsabiqələrdə əl işlərini nümayiş etdirən Aruz həmişə uğur qazanıb.