HƏRBİ

Zakir Həsənov Türkiyə Silahlı Qüvvələrinə bağlı şirkətin rəhbərliyini qəbul edib

Görüşdə müasir döyüş əməliyyatlarının aparılmasının yeni üsul və metodları, həmçinin qoşunlarımızın texniki təchizatının daha da gücləndirilməsi məqsədilə iki qardaş ölkənin həyata keçirdiyi birgə layihələr müzakirə edilib.
Sputnik
BAKI, 23 noyabr — Sputnik. Noyabrın 23-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının ASELSAN şirkətinin idarə heyətinin sədri və baş direktoru cənab Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, qonaqları salamlayan Müdafiə naziri ölkələrimiz arasında hərbi və hərbi-texniki əməkdaşlıq sahəsində müsbət addımlar atıldığını, hər iki ölkə başçılarının dostluq və qardaşlıq münasibətlərinin Azərbaycan-Türkiyə əlaqələrinin bütün istiqamətlərdə genişlənməsində mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. Nazir Vətən müharibəsində istifadə olunan ASELSAN şirkətinin istehsalı olan texniki avadanlıqların yüksək keyfiyyətə malik olduğunu xüsusi vurğulayıb.
Görüşdə müasir döyüş əməliyyatlarının aparılmasının yeni üsul və metodları, həmçinin qoşunlarımızın texniki təchizatının daha da gücləndirilməsi məqsədilə iki qardaş ölkənin həyata keçirdiyi birgə layihələr müzakirə edilib.
Bildirilib ki, Azərbaycan Ordusunun dünyanın ən müasir silah və hərbi texnikası, o cümlədən qabaqcıl informasiya texnologiyaları ilə təchiz edilmiş, geniş rabitə sistemlərinə malik peşəkar ordu kimi inkişaf etdirilməsi qoşunlarımızın gizli, operativ idarəolunmasını, onların manevr imkanlarının, ümumilikdə isə döyüş qabiliyyətinin artırılmasını təmin edəcək.
Qeyd edək ki, ASELSAN (mənası: Hərbi Elektronik Sənayesi) 1975-ci ildə Türkiyə Silahlı Qüvvələrinin xəbərləşmə cihaz ehtiyaclarının qarşılanması məqsədilə qurulub. Türk Silahlı Qüvvələrini Gücləndirmə Fondunun bir quruluşudur.
Müxtəlif ölkələrdə nümayəndəlikləri olan ASELSAN, ilk xarici törəməsi olan ASELSAN BAKI şirkətini 1998-ci ildə Azərbaycanda qurub. Şirkət Azərbaycanda təmir, istehsal sahələrində fəaliyyət göstərir.
Bundan başqa ASELSAN 1 iyul 2020-ci ildə Ukraynada da öz şöbəsini açaraq fəaliyyətə başlayıb.