BAKI, 23 noyabr — Sputnik. Yarımçıq qalmış tikililərlə bağlı problemlər var və kifayət qədər keçid layihələri mövcuddur.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.
Nazir müavini bildirib ki, dövlət büdcəsindən investisiya layihələrinə ayrılan vəsaitlər hər il azalmaqla təsdiq edilir: "Bununla əlaqədar İqtisadiyyat Nazirliyində geniş tərkibdə işçi qrupu yaradılıb. Dövlət investisiya proqramlarının tərtibi yenidən işlənəcək. Bu qrup tərəfindən bütün yarımçıq qalmış tikililərin monitorinqi aparılacaq və müvafiq təkliflər hazırlanacaq. Bu tikililərin sadəcə dövlət büdcəsi hesabına maliyyələşdirilməsi nəzərdə tutulmur. Özəlləşdirmə və s. kimi təkliflər də nəzərdə tutulur".
O həmçinin bildirib ki, cari məzənnə və makroiqtisadi sabitliyin qorunması üçün tədbirlər həm monetar, həm də iqtisadi siyasət çərçivəsində görüləcək. Artım nəticəsində adambaşına düşən ümumdaxili məhsulumuz 10 min manatı keçəcək.
Nazir müavini bildirib ki, Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlara görə, 2022-2026-ci ildə dünyada iqtisadi orta illik artım tempinin 3,7 faiz, inkişaf etməkdə olan ölkələrdə isə 4,6 faiz olması proqnozlaşdırılır. "Bizim strategiyamızın icrası nəticəsində qeyri-neft sektorunun (5 faizdən çox) və ÜDM-in (4 faiz ətrafında) artımı BVF-nin proqnozlarından yüksəkdir. Təkanverici sahələrimiz qeyri-neft sənayesi olacaq. Burada 8 faizdən çox artım proqnozlaşdırılır.