BAKI, 23 noyabr — Sputnik. Facebook sosial şəbəkə hesabında jurnalist Anar Sərvaz Tovuzda gecə saatlarında bir qadının və azyaşlının küçədə çəkilən görüntülərini paylaşıb. Müəllif fotonun rayonun Yusif Sadıqov küçəsi ilə Əhməd Cavad küçəsinin kəsişməsində çəkdiyini bildirilib.
Məlumata görə, şəkildəkilər ana və övladıdır. Ananın gecə saatlarında öz övladını bayırda gecələməyə məcbur etdiyi iddia edilir. Qeyd olunur ki, qadının əqli problemləri olduğundan, o, uşağını küçədə gecələməyə məcbur edir:
"Şəkil gecə saat 02-03 radələrində çəkilib. Qadın hər gecə saat 01:00 radələrində azyaşlı övladını küçəyə gətirir, üstünü örtərək özü evinə gedir. Dəfələrlə anasına desəm də təhqirə məruz qalmışam".
Sputnik Azərbaycan-a açıqlama verən Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, hazırda məsələ polisin nəzarətindədir və görüntü ilə bağlı araşdırma aparılır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Sputnik Azərbaycan-a bildirib ki, hadisə komitənin nəzarətinə götürülüb, monitorinq komissiyası ilə birgə araşdırmalara başlanılıb.
Sputnik Azərbaycan-a ərazidəki sakinlər bildiriblər ki, uşaq 4-5 yaş arasındadır. Anası həyat yoldaşından ayrıldığından qadın uşağı tək böyüdür. Ananın əqli problemləri var.