BAKI, 23 noyabr — Sputnik. Türkiyədə prezident və parlament seçkiləri planlaşdırılan vaxtda - 2023-cü ilin iyununda keçiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə müxalifətinin növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı çağırışlarına münasibət bildirərkən qeyd edib.
"Hansı erkən seçkilərdən söhbət gedir? Seçkilər 2023-cü ilin iyununda keçiriləcək", - deyə Ərdoğan bildirib.
Qeyd edək ki, daha əvvəl Türkiyənin Cümhuriyyət Xalq və İYİ partiyalarının liderləri Kemal Kılıçdaroğlu və Meral Akşener Ərdoğanı səriştəsizlikdə ittiham edərək, lirənin məzənnəsinin rekord dərəcədə aşağı düşməsi fonunda onu erkən seçkilərə çağırıblar.
Qeyd edək ki, bu gün dolların Türkiyə lirəsinə olan məzənnəsi daha 7% artaraq, bir dollar üçün 12,12 lirə olub. Bu ilin noyabrından bəri Türkiyə lirəsinin dollara nisbətdə məzənnəsi 26,7% dəyər itirib.