İQTİSADİYYAT

Nazir müavini: Qiymət artımının səbəbi idxal məhsullarıdır

Əhali üçün ən çox zəruri olan 86 adda ərzaq məhsulları, 51 adda tikinti materiallarının qiymətləri ilə bağlı monitorinqlər və təhlillər aparılır.
Sputnik
BAKI, 23 noyabr — Sputnik. Qiymət artımının səbəbi idxal məhsullarıdır. İstehsalda idxal xammalına əsaslanan mallarda qiymət artımı müşahidə edilir. Eyni zamanda daşınma və enerji xərclərinin artması da qiymət artımına təsir edən amillərdir.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında büdcə müzakirələri zamanı iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.
O bildirib ki, bazarda rəqabət prinsiplərinin qorunması vacib məsələlərdəndir:

"Bir sıra malların qiymətləri dövlət tərəfindən tənzimlənir. Dövlət büdcəsinin imkanları nəzərə alınmaqla bu qiymətlərin daha məqbul saxlanmasına çalışılır. Dövlət tərəfindən tənzimlənməyən malların qiymətlərinin süni artmasının qarşısını almaq məqsədilə Antiinhisar və İstehlak bazarına Nəzarət Dövlət Xidməti tərəfindən bazarda mütəmadi monitorinqlər aparılır. Əhali üçün ən çox zəruri olan 86 adda ərzaq məhsulları, 51 adda tikinti materiallarının qiymətləri ilə bağlı monitorinqlər və təhlillər aparılır".

Nazir müavini deyib ki, BMT-in Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqlamasına görə dünyada qiymət səviyyəsi son 30 ildə ən yüksək səviyyəyə çatıb:
"Bunun nəticəsində də ölkəyə idxal olunan məhsulların qiymətində artım müşahidə olunmalıdır. Bu da bizim inflyasiya səviyyəsinə ən çox təsir edən amildir. Hazırda idxal indeksi 23%-i keçib. Hətta hazır qida məhsulları idxal qiymətləri indeksi 25%-i ötüb. Beynəlxalq Valyuta Fondu da öz proqnozlarında cari il üçün yüksək qiymət indekslərini proqnoz edirlər. FAO-nun proqnozları isə daha ümidvericidir. Növbəti ildə inflyasiyanın daha da səngiməsi gözlənilir. Cari ildə inflyasiyanın yüksək səviyyədə olması nəzərə alınaraq İqtisadiyyat Nazirliyi tərəfindən növbəti ildə qiymətlərin cari ildə olduğu kimi yüksək artımı proqnozlaşdırılmır. İnflyasiyanın aşağı səviyyədə saxlanılması üçün əsas amillərdən biri makroiqtisadi sabitliyin təmin olunmasıdır".