MƏDƏNİYYƏT

Nazir ermənilərin Şuşadan oğurladıqları xalçaların geri qaytarılması barədə

Anar Kərimov deyib ki, həmin sənədlərdə beynəlxalq təşkilatların hansısa ölkədən oğurlanan eksponatları geri alması mexanizmi yoxdur.
Sputnik
BAKI, 23 noyabr — Sputnik. Ermənilərin Şuşa Muzeyindən oğurladığı eksponatların və xalçaların geri qaytarılması üçün müxtəlif beynəlxalq instansiyalar və konvensiyalar var. Ancaq təəssüflər olsun ki, orada məcburedici müddəalar yoxdur.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Report-a açıqlamasında mədəniyyət naziri Anar Kərimov bildirib.
O deyib ki, beynəlxalq konvensiyalarda məsələ ilə bağlı boşluq var: "Həmin sənədlərdə beynəlxalq təşkilatların hansısa ölkədən oğurlanan eksponatları geri alması mexanizmi yoxdur. Hər bir halda bu məsələnin beynəlxalq səviyyədə qaldırılması və təbliğ olunması çox önəmlidir. Biz də bunu edirik".
O qeyd edib ki, buna cavabdeh olan ən vacib təşkilat UNESCO-dur:
"Orada da hər hansı bir ölkədən mədəni sərvətlərin qeyri-qanuni olaraq çıxarılmasını, mənimsənilməsini və s. halları qadağan edən konvensiya var. Biz də, Ermənistan da bu konvensiyanın üzvüyük. Bu konvensiyaya qoşulan ölkə kimi UNESCO-da iddialarımızı ortaya qoymuşuq, həmin irsin Azərbaycana aid olduğunu qeyd etmişik. Bu məsələ beynəlxalq müstəvidə müzakirə olunmalıdır".