BAKI, 23 noyabr — Sputnik. Bəzi ölkələrdə qaz, benzin cüzi qiymətə satılır, amma bizdə bahalaşır.
Sputnik Azərbaycan xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında deputat Tahir Kərimli deyib.
Deputat hökumətdən bu bahalaşmanın izahını tələb edib:
"Çıxıb bunu izah etməlidirlər. Bəlkə elə xalqı inandıracaqlar. Amma bahalaşma bizim belimizi qırır, heç kim isə bunun izahını vermir. Çıxıb danışsınlar, bu bahalaşmaları nə iləsə əlaqələndirsinlər".
Tahir Kərimli ötən iclasda Milli Məclisin smeta xərcləri ilə bağlı açıqlamalarına da aydınlıq gətirib. O qeyd edib ki, Milli Məclisdə ilk dəfə COVID-19-a yoluxan şəxslərə 500 manat pul verilib:
“Mən Milli Məclisin sədrindən ötən iclasdakı çıxışıma görə üzr istəyirəm. Xalqımdan da üzr istəyirəm. Milli Məclisdə müvafiq sənədlərlə tanış olanda gördüm ki, mənə müəyyən qədər yanlış məlumat verilib. Nəinki sürücülərin əməkhaqqı kəsilməyib, onlar üçün dövlət hesabına kurs təşkil olunub ki, dərəcələrini artırsınlar və daha yüksək maaş alsınlar. Gördüm ki, uzun müddət Milli Məclisdə işləyən xeyli təcrübəli insan vəzifələrə irəli çəkilib. Məsələn, ekspertlər müşavir vəzifəsinə təyin olunub. Bir neçə yüz adama 500 manat məbləğində birdəfəlik yardımlar edilib.
Milli Məclis xeyli dərəcədə qənaətlə işləyib. Bir müxalifət lideri bütün deputatları aşağıladı. Guya hər birimiz 200-300 minlik avtomobil istəyirik. Səhv məlumat verməklə deputatlara nifrət aşıladı. Məni deputatlar da, sosial şəbəkələrin fəalları də haqlı olaraq qınadı. Mən doğrudan da yanlışlığa yol vermişəm. Elə bilmişəm, indiki vəziyyətdə Milli Məclisdə ehtiyacı olanlara da mənzil vermək olar. Xalqımdan da üzr istəyirəm".
Milli Məclisin sədri Sahibə Qafarova isə tövsiyə edib ki, sənədlərə əsaslanmayan, yanlış məlumatlar əsasında çıxışlar Milli Məclisdə səslənməsin, xalqa yanlış məlumat verilməsin.