MƏDƏNİYYƏT

Mədəniyyət Nazirliyində aparılan islahatların məqsədi nədir?

Anar Kərimov: İşimizi daha çox layihəyönümlü fəaliyyətə çevirmək istəyirik.
Sputnik
BAKI, 23 noyabr — Sputnik. Mədəniyyət Nazirliyində iki yeni şöbə yaradılıb. Bunlardan biri Yaradıcı sənayelər və rəqamsal inkişaf şöbəsidir. Adından da göründüyü kimi bu yeni yanaşma ilə bağlı formalaşdırılan strukturdur.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu yerli KİV-lərə açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib.
Onun sözlərinə görə, yaradıcı sənaye hazırda dünyada çox inkişaf etmiş bir sahədir:
"İstəyirik ki, bu təcrübəni Azərbaycana gətirək. Aparıcı ölkələrin bununla bağlı təcrübələrini də öyrənirik. Yaradıcı sənayelər ümumi daxili məhsulun artırılmasına, iqtisadiyyatın inkişafına böyük töhfə verə biləcək bir sahədir. Ona görə də istəyirik ki, bu sahəyə fokslanaq və fəaliyyətimizi bu sahədə inkişaf etdirək".
Nazir bildirib ki, digər şöbə isə Strateji inkişaf və layihələrin idarə edilməsi şöbəsidir:
"Adından da göründüyü kimi, işimizi daha çox layihəyönümlü fəaliyyətə çevirmək istəyirik. Hər bir layihəyə investisiya qoyulan zaman onun konkret nəticələri nəzərdən keçiriləcək və qiymətləndiriləcək".