BAKI, 23 noyabr — Sputnik. Rusiya, Azərbaycan və Ermənistan liderləri – Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan noyabrın 26-sı Soçidə üçtərəfli görüş keçirəcəklər.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Kreml yayıb.
"Liderlər 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci ildə imzalanan üçtərəfli bəyanatların reallaşdırılmasını nəzərdən keçirməyi, o cümlədən regionda sabitliyin möhkəmləndirilməsi və dinc həyatın bərqərar olması üçün gələcək addımları müəyyənləşdirməyi planlaşdırırlar. Ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına və inkişafına xüsusi diqqət yetiriləcək", - Kremlin yaydığı məlumatda bildirilir.
Üçtərəfli bəyanat
Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.
Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.
Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.
Üç ölkə liderinin 11 yanvar bəyanatı
Xatırladaq ki, bu ilin yanvar ayının 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Bəyanat imzalayıblar. Bəyanatda bildirilir:
Biz, Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev, Ermənistan Respublikasının Baş naziri N.V.Paşinyan və Rusiya Federasiyasının Prezidenti V.V.Putin aşağıdakıları bəyan edirik:
1. 2020-ci il 9 noyabr tarixli Bəyanatın 9-cu bəndinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı hissəsinin reallaşdırılması məqsədilə Rusiya Federasiyasının Prezidenti V.V.Putinin Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirləri müavinlərinin və Rusiya Federasiyası Hökumətinin sədr müavininin birgə həmsədrliyi ilə üçtərəfli İşçi qrupu yaradılması barədə təklifi dəstəklənir.
2. İşçi qrupu 2021-ci il yanvarın 30-dək ilk iclasını keçirəcək, bu iclasın nəticələrinə görə Bəyanatın 9-cu bəndinin reallaşdırılmasından irəli gələn işlərin əsas istiqamətlərinin siyahısını formalaşdıracaq, prioritet qismində dəmir yolu və avtomobil yollarını müəyyən edəcək, həmçinin bundan sonra Tərəflər adlanacaq Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası arasında razılaşma əsasında digər istiqamətləri müəyyən edəcəkdir.
3. Fəaliyyətin əsas istiqamətlərinin reallaşdırılması məqsədilə İşçi qrupunun həmsədrləri bu istiqamətlər üzrə Tərəflərin səlahiyyətli hakimiyyət orqanları və təşkilatlarının vəzifəli şəxslərindən ibarət ekspert yarımqruplarının tərkibini təsdiq edəcəklər. Ekspert yarımqrupları işçi qrupunun iclasından sonra bir ay müddətində layihələrin siyahısını təqdim edəcək, onların reallaşdırılması və Tərəflərin yüksək səviyyədə təsdiq etməsi üçün zəruri resursları və tədbirləri əsaslandıracaqlar.
4. İşçi qrupu 2021-ci il martın 1-dək Azərbaycan Respublikası və Ermənistan Respublikası ərazisindən həyata keçirilən beynəlxalq daşımaların, həmçinin Azərbaycan Respublikası və Ermənistan Respublikası tərəfindən həyata keçirilən, yerinə yetirilməsi zamanı Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazilərinin kəsişməsi tələb olunan daşımaların təşkili, yerinə yetirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpasını və tikilməsini nəzərdə tutan tədbirlərin siyahısını və reallaşdırılması qrafikini Tərəflərin yüksək səviyyədə təsdiqləməsi üçün təqdim edəcək.