BAKI, 23 noyabr — Sputnik. Ermənistan Rusiya ilə müzakirələr zamanı Türkiyə ilə münsibətlərin normallaşdırılmasına hazır olduğunu bildirib. Bu barədə Sputnik Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyana istinadla məlumat yayıb.
"Hökumət proqramında da qeyd olunduğu kimi Ermənistan hər zaman ilkin şərt olmadan Türkiyə ilə münasibətlərini normallaşdırmağa hazırdır. Bir sıra beynəlxalq tərəfdaşlarımız, xüsusilə də Rusiya erməni-türk münasibətlərini normallaşdırmağa vasitəçilik etməyə hazır olduqlarını bildiriblər", – deyə Unanyan vurğulayıb.
Onun sözlərinə görə, əgər bu prosesdə irəliləyiş olsa, cəmiyyəti bu barədə məlumatlandıracaqlar.
"Amma onu da qeyd etməliyəm ki, hazırda Türkiyə ilə danışıqlar prosesi başlamayıb", – deyə Unanyan bildirib.
Qeyd edək ki, Türkiyə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə etiraz əlaməti olaraq 1993-cü ildən bu ölkə ilə diplomatik münasibətlərinə son qoyub və sərhədlərini bağlayıb.
Ermənistanın Baş naziri Nikol Paşinyan əvvəlki açıqlamalarında bildirmişdi ki, Türkiyə tərəfi münasibətləri tənzimləməyə və müvafiq addımlar atmağa hazır olduğu halda, Ermənistan ikitərəfli münasibətlərin qurulması imkanlarını müzakirə etməyə razıdır.