BAKI, 23 noyabr — Sputnik. Noyabrın 25-də Ermənistan parlamentində Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiya məsələsi üzrə dinləmələr keçiriləcək. Sputnik Ermənistan bu barədə qanunverici orqanın mətbuat xdmətinə istinadla məlumat yayıb.
"Noyabrın 25-də "Ermənistan" fraksiyasının təqdim etdiyi "Sərhədlərin delimitasiyası və demarkasiyası problemləri" mövzusunda Milli Məclisin layihəsi üzrə parlament dinləmələri keçiriləcək", - deyə parlamentin saytında yerləşdirilən məlumatda bildirilir.
Noyabrın 18-də Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Rusiya Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası ilə bağlı təkliflə çıxış edib. O, müdafiə naziri Suren Papikyana tapşırıb ki, Rusiya Federasiyasının təklifləri əsasında işə başlamaq üçün rusiyalı həmkarı ilə təfərrüatları dəqiqləşdirsin.
Azərbaycan-Ermənistan təmas xəttində gərginlik
Qeyd edək ki, noyabrın 16-da Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə həmin ölkənin silahlı qüvvələri tərəfindən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtləri, eləcə də beynəlxalq hüququn fundamental norma və prinsipləri kobud şəkildə pozularaq Kəlbəcər və Laçın rayonlarında Azərbaycan Ordusunun mövqeləri müxtəlif çaplı artilleriya qurğularından atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri tərəfindən görülmüş tədbirlər nəticəsində dövlət sərhədində Ermənistanın törətdiyi təxribatın qarşısı alınıb.
Bununla belə, təxribat nəticəsində hərbi qulluqçularımızdan 7 nəfər şəhid olub və 10 nəfər yaralanıb.
Həmçinin Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 17-si saat 17:54-dən 22:52-dək Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cırdaxan kəndləri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutublar.