BAKI, 23 noyabr — Sputnik. Biz müharibədən sonra yeni Azərbaycanda yaşamaq istəyirik və büdcədə də bu ovqat və tələbkarlıq olmalıdır.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.
O bildirib ki, gələn ilin büdcəsi quruculuq büdcəsidir: "Azad edilmiş ərazilərin dirçəldilməsi böyük vəsait və qüvvə tələb edir. Vətəndaş bunu başa düşür. Bahalaşma, məmur özbaşınalığı, işsizlik, rüşvətxorluq Azərbaycanın qazandığı hərbi-siyasi, diplomatik uğurlara kölgə salmamalıdır. Prezidentin ölkəboyu kərpic-kərpic qurduğu siyasət məmurların etinasızlığı ilə sökülməməlidir".
"Mənə zənglər gəlir və işsizlik, pensiyaların kəsilməsi, hətta maaşların kommunal xərclərə çatmaması, rüsumlar və digərləri ilə bağlı şikayət edirlər. Bəziləri deyir ki, qazın pulunu ödəməyə pulum çatmır. Bu məsələlərə baxılmalıdır", - deyə deputat dilə gətirib.