BAKI, 23 noyabr — Sputnik. Bu gün sevindirici haldır ki, orta və ali təhsil müəssisələrimizdə tədris üçün gərəkli olan bütün müasir texnologiyalar əlçatandır. Amma unutmamalıyıq ki, elm və texnologiya sürətlə dəyişir və inkişaf edir. Bu dəyişikliklərə uyğunlaşmaq və yeni avadanlıqların davamlı təchizatı üçün Təhsil Nazirliyinə xüsusi vəsait ayrılmalıdır.
Sputnik Azərbaycan xəbər verir ki, bunu deputat Naqif Həmzəyev parlamentin bu gün keçirilən iclasında büdcə müzakirələri zamanı deyib.
O bildirib ki, artıq ictimai nəqliyyat vasitələrinin əksəriyyətində ödəniş nağdsız-kart sisteminə keçirilir:
"Təklif edirəm ki, bu fürsətdən istifadə edərək ictimai nəqliyyatdan istifadə zamanı tələbə və şagirdlərə, müəllimlərə müəyyən güzəştlər edilsin. Hətta şəhid ailələri və qazilər üçün də ictimai nəqliyyatdan istifadə zamanı güzəştlər tətbiq edilməsi sevindirici hal olar. Bu təcrübə bir çox ölkələrdə uğurla həyata keçirilir".
Deputat işsizlik məsələsindən də danışıb:
"Bunun ən böyük səbəblərindən biri universitetlərimizdə, xüsusilə də, region universitetlərində dövrün tələblərinə cavab verən, mövcud əmək bazarında davamlı olan ixtisasların azlığıdır. Faktiki olaraq, bu gün məzunlarımızın bir qismi təhsil aldıqları sahə üzrə əmək bazarında iş tapa bilmirlər. Bu isə bilavasitə olaraq işsizlik səviyyəsini və dövlətin yükünü artırır. Biz mütləq universitetlərdə tədris edilən az tələbatlı ixtisasları yeni, dövrün tələblərinə uyğun ixtisaslarla əvəz etməliyik. Dövlətimiz bu sahədə uğurlu islahatlar həyata keçirir. Buna baxmayaraq, bu prosesi sürətləndirmək və daima diqqət mərkəzində saxlamaq vacibdir".
O əlavə edib ki, Bakı-Gəncə sürət elektrik qatarının yenidən işə salınması ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) müraciət edib: “Bakıya qatarın işləməməsi Gəncə sakinlərini narahat edir. Təklif edirəm ki, bu qatarın işinin bərpası üçün ADY-yə vəsait ayrılsın”.