BAKI, 23 noyabr — Sputnik. Gələn il icbari tibbi sığorta üzrə 1 milyard 125 milyon 700 min manat vəsaitin ayrılması nəzərdə tutulur.
Sputnik Azərbaycan xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən iclasında deyib.
Nazir bildirib ki, səhiyyə xərcləri ildən-ilə artır:
"Son 5 ildə Azərbaycanda səhiyyə xərcləri 2.5 dəfəyə qədər artıb ki, bu da yüksək göstəricidir. Bu istiqamətdə işlər davam etdiriləcək. Biz imkanlarımızı obyektiv şəkildə qiymətləndirməliyik. Biz artan xərclərimizin maliyyə təminatı haqqında da suallara cavab tapmalıyıq".
O qeyd edib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin büdcəsinin icmal büdcəyə daxil edilməsi məsələsi müzakirə edilə bilər.
"Biz bu il bütün ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə nail olmuşuq. Növbəti ildə bu sistemin oturuşmasından sonra müvafiq qərar qəbul edilə bilər. Bu məsələ ilə bağlı tələskənlik olmadan, araşdıraraq müvafiq qərar qəbul etməliyik. Agentliyin xərcləri barədə hər hansı gizli məlumat yoxdur”, - deyə nazir əlavə edib.