SƏHİYYƏ

Azərbaycanda iki doza vaksin qəbul edənlərin göstəricisi qırx beş faizi keçib

Hande Harmancı bildirib ki, həm dünyada, həm də Azərbaycanda risk qrupunda olanlar sürətli şəkildə peyvənd olunmalıdırlar.
Sputnik
BAKI, 23 noyabr — Sputnik. Azərbaycanda iki doza vaksin qəbul edənlərin göstəricisi 45 faizi keçib. Burada saylardan daha vacib kimlərin indiyə kimi vaksinasiyadan keçməməsini bilməkdir.
Sputnik Azərbaycan-ın APA-ya istinadən xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, xüsusən 60 yaşdan yuxarı, xroniki xəstəliyi olanların, səhiyyə işçilərinin vaksini tam dozada qəbul etməsi çox vacibdir:
“Ancaq bu şəkildə pandemiyanın öhdəsindən gələ bilərik. Hazırda vacib olan xüsusən risk altında olan insanların iki doza vaksin vurdurmasıdır, bunu bütün ölkədə edə bilsək, daha sonra 3-cü və 4-cü doza barədə danışa bilərik. Həmçinin dünyadakı vəziyyəti müəyyənləşdirmək lazımdır. Həm dünyada, həm də Azərbaycanda risk qrupunda olanlar sürətli şəkildə peyvənd olunmalıdırlar”.