BAKI, 22 noyabr — Sputnik. O, Azərbaycan kinosunda ilklərə imza atan, filmləri bütün dövrlərdə qəbul olunan və hər dəfə tamaşaçı tərəfindən böyük rəğbətlə qarşılanan rejissor idi. Sənət fəaliyyətinə operator kimi başlayıb. Amma həm rejissor, həm də operator kimi onun öz dəst-xətti olub. Söhbət Azərbaycanın Xalq artisti, Çeçen-İnquş MSSR Əməkdar incəsənət xadimi, SSRİ Dövlət mükafatı laureatı, Azərbaycan SSR Dövlət Mükafatı laureatı Rasim Ocaqovdan gedir.
Bu gün doğum günü olan rejissorun sənət yoldaşları onunla bağlı xatirələrini Sputnik Azərbaycan-la bölüşüblər. Azərbaycanın Xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının yaradıcılıq üzrə sədr müavini Hacı İsmayılov bildirir ki, Rasim müəllim onun həm yaradıcılıqda, həm də həyatda müəllim saydığı insan olub: "Mənə sənət dünyasına da, tamaşaçılara da tanıdan Rasim Ocaqov olub. Baxmayaraq ki, mən "Ad günü" filminə çəkilməzdən qabaq teatrda işləyirdim, amma aktyor kimi elə də tanınmırdım. Rasim müəllim məni 1976-77-ci illərdə "Ad günü" filminə çəkəndən sonra mən tanınmağa başladım".
Aktyor bildirir ki, Ocaqov işlədiyi aktyorlara qarşı çox sadiq insan olub. Onunla işləyəndə hiss edirdin ki, sən lazımi bir işlə məşğulsan: "Rasim müəllim "Ad günü" filmi üçün elə bir obraz axtarırdı ki, o, həm şəkiliyə oxşasın, həm də onun özünə oxşasın. Mənim aləmimdə Mustafa obrazı Rasim Ocaqovun özüdür. O, elə atmosfer yaratmışdı ki, sən elə hiss edirdin ki, sən şəkilisən və şəkili kimi danışmalısan. O, danışığın çoxunu da Rasim müəllim öyrətmişdi. Mustafa mənim ruhuma hopmuş bir obrazdır. İnsanların əksəriyyəti məni şəkili kimi tanıyır".
Ocaqov təkcə aktyorlarına yox, onun filmində işləyən digər insanlara da həmişə sadiq olub. Azərbaycanın Xalq rəssamı Rafiz İsmayılov da onunla birlikdə bir çox filmində çalışıb: "O, həmişə çəkiliş meydançasına hazır gəlirdi. Həm də hamıdan əvvəl gəlirdi. Ssenarini əvvəlcədən oxuyardı, mizanları əvvəlcədən qurardı və çəkilişə başlayardı. İşində son dərəcə məsuliyyətli adam idi. Onun rejissoru olduğu əksər filmlərin - "Qatır Məmməd", "Qətldən yeddi gün sonra", "Ölsəm, bağışla", "Təhminə", "Otel otağı"nın rəssamı olmuşam. O, əvvəllər operator olduğuna görə digər rejissorlara nisbətən onunla işləmək daha asan olurdu. Çünki məsuliyyətli və öz peşəsinin peşəkarı idi. Həm də çox güclü psixoloq idi. Öz işinin rəssamı idi".
Azərbaycanın Əməkdar artisti Gülzar Qurbanova Ocaqovun "Ölsəm, bağışla" filmində baş rolu - Gülyanı canlandırıb. Həmin filmə çəkiləndə aktrisanın 17 yaşı olub. Sənət karyerasına belə bir filmlə başlayan aktrisa özünü şanslı hesab edir: "Yaradıcılıq karyeramın başlanğıcında belə bir rejissorun filmində çəkilmək hər adama qismət olmur. Həmişə Rasim müəllim deyirdi ki, "Mən bəxti gətirən adamam". Bu barədə deyə bilərəm ki, mən də bəxti gətirən adamam ki, yaradıcılığım Azərbaycanın nəhəng rejissorunun filmi ilə başlayıb. Onun filmləri həyata daha yaxın idi. Qəhrəmanları həyatdan gəlmiş qəhrəmanlar idi. Uydurulmuş, süni, boğazdan yuxarı qəhrəmanlar deyildi. Bu gün bizim o qəhrəmanlara ehtiyacımız var".
Sputnik Azəbaycan-ın əməkdaşının çəkdiyi "Kinopatriarx" filmində mərhum rejissor Xalq artisti Eldar Quliyev Ocaqovla bağlı öz xatirələrini bölüşmüşdü:
"Mən kinostudiyada rejissor köməkçisi kimi işləməyə başlayanda Rasim Ocaqov artıq tanınmış operator idi. 1958-ci ildə Əjdər İbrahimovla birlikdə "Onu böyük ürəyi" filmini çəkmişdi. Film çox yaxşı qəbul olunmuşdu. Hər kəs də dedi ki, Azərbaycan kinosuna yeni bir operator gəlir. Təsəvvür edin, cavan oğlan üçün balaca bir bölgədən - Şəkidən - Moskvaya getmək, VQİK-ə (Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu) daxil olmaq, xüsusən də operator ixtisasına qəbul olmaq çox çətin idi. Böyük ustadların qarşısında imtahan vermək insandan böyük bir bacarıq tələb edir. Rasim bu çətinliyin öhdəsindən gəldi. Onunla ilk dəfə 1959-cu ildə Tofiq Tağızadənin "Əsl dost" filmində tanış olduq. Rasim orada quruluşçu operator idi, mən isə köməkçi idim. Cavan olmasına baxmayaraq, böyük ustalıq nümayiş etdirirdi".
Sözügedən filmdə rejissorun qızı Cəmilə Ocaqova da atası ilə bağlı xatirələrin bölüşmüşdü: "Uşaqlıqda tez-tez eşidərdim ki, atam hədsiz ciddi adamdır. Amma mən bunu hiss etmirdim. O, ailədə mülayim insan idi. Zarafatlaşmağı çox sevirdi. Əlbəttə, bu, təəccüblü deyildi, çünki o, şəkili idi və şəkililərin yumor hissinin güclü olduğu hər kəsə məlumdur. Xaraktercə sabit insan idi. Onda elə olmurdu ki, bu gün başqa əhvalda olsun, səhər başqa əhvalda. O, kinonu və siqareti sevirdi. Kino və siqaret onun həyatında çoxluq təşkil etməli idi. O, bunlarsız yaşaya bilmirdi".
Rasim müəllimin bir çox filmlərində operator kimi çalışan Əməkdar incəsənət xadimi, Avropa Kino Akademiyasının üzvü Kənan Məmmədovun dediyinə görə, Ocaqov filminə xarici aktyorları dəvət etdiyinə görə qınanıb: "O, çox dəqiq bilirdi ki, onun filmində hansı aktyor çəkilməlidir. Onu qınayırdılar ki, niyə xarici aktyor çəkir. O deyirdi ki, film milli olsun, orada kimin oynaması önəmli deyil. Aktyor seçimi ilə bilavasitə özü məşğul olurdu. 1986-cı ildə gecə yarısı mənə zəng elədi. O, mənə həmişə gecə yarısı zəng edirdi. "Gəl sabah kinostudiyada görüşək" dedi. Həmin vaxt "Özgə ömür" filminə hazırlıq prosesi gedirdi. Dedi, ssenarini oxu, sabah cavabını mənə ver. Ssenarini oxudum, çox bəyəndim. Bilirdim ki, o filmdə Aleksandr Kalyagin çəkiləcək. Mən razılığımı verdim və biz 1986-cı ildən başlayaraq əməkdaşlığa başladıq".
Xalq artisti Fəxrəddin Manafov isə onunla təkcə aktyor kimi çalışmayıb. Onlar yaxın dost olublar. Fəxrəddin Manafovun kino aktyoru olaraq tanınmasında Rasim Ocaqovun xüsusi əməyi olub: "Mən kinostudiyanın dəhlizində dayanıb yağışa baxırdım. Hiss etdim ki, çiynimdə bir əl var. Çevrildim ki, Rasim müəllimdir. Mənə dedi ki, "Nə edirsən burada?" Özümü elə itirdim ki, dedim, "Pəncərədən baxıram". Bu söz onun diqqətini cəlb etdi. Dedi "Get mənim otağıma, stolun üstündə bir ssenari var, "Park". Artıq onun mənimlə danışmağı yetərli idi, heç nə eşitmirdim. Ssenari... park... xırda-xırda sözlər qulağıma gəlirdi, əsirdim. Bağırmaq istəyirdim sevincimdən. Mən bilmirəm, bundan əvvəl və ya bundan sonra belə bir hiss yaşaya bilərəmmi? Ümumiyyətlə, görəsən, indiki aktyorlar bu hissləri yaşayırlarmı, inanmıram".
Qeyd edək ki, Rasim Ocaqov 1933-cü il noyabr ayının 22-də Azərbaycanın Şəki şəhərində anadan olub. 1951-1956-cı illərdə Moskvada ÜDKİ-nin kinooperatorluq fakültəsində təhsil alıb. Daha sonra M.A.Əliyev adına ADİİ-nun rejissorluq fakültəsini bitirib. 1956-cı ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu-operator, 1973-cü ildən quruluşçu rejissor işləyib. Azərbaycan kinosuna öz adını qızıl hərflərlə yazan R.Ocaqov 2006-cı ildə Bakıda dünyasını dəyişib. 2013-cü il noyabrın 22-də Bakıda yaşadığı evdə barelyefinin açılışı mərasimi keçirilib. 2018-ci ildə isə Rasim Ocaqovun 85 illik yubileyi münasibətilə "Şəki, mən səni sevirəm" kino və foto müsabiqəsi təsis edilib.