BAKI, 22 noyabr — Sputnik. Noyabr ayının 22-si ədliyyə işçilərinin peşə bayramı günüdür. Bu bayram ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə təsis olunub.
Sputnik Azərbaycan xəbər verir ki, ümummilli liderimiz Heydər Əliyevin ədliyyə sahəsinə göstərdiyi böyük diqqət və qayğının təzahürü olaraq 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin Əsasnaməsinin qəbulu günü – 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilib. Ədliyyə işçiləri bu bayramı bizə bəxş etmiş Ulu Öndərimizə dərin minnətdarlıq hissi ilə hər il qeyd edirlər.
Ulu Öndərin qayğısı ilə təkmil bir struktur kimi formalaşaraq inkişaf edən Ədliyyə Nazirliyi Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində müasirləşir, yeni-yeni nailiyyətlərə imza atır.
Ədliyyə orqanlarını sağlam mənəviyyata, yüksək peşə hazırlığına malik kadrlarla möhkəmləndirmək məqsədilə 2006-cı ildə dövlət qulluğunun xüsusi növü olan ədliyyə orqanlarına qulluğa qəbulun müsabiqə yolu ilə həyata keçirilməsi qərara alınıb, həmin il dekabrın 9-da Azərbaycan ədliyyəsinin tarixində ilk dəfə olaraq ədliyyə orqanlarında işləmək istəyən namizədlər şəffaflıq və aşkarlıq şəraitində test imtahanından keçiblər.
23.09.2020-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin genişləndirilməsi haqqında fərman imzalayıb. Fərmanın əsas məqsədi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində müasir informasiya-kommunikasiya texnologiyalarından istifadənin genişləndirilməsi, habelə doğumun və ölümün qeydə alınması sahəsində fəaliyyətin təkmilləşdirilməsi, operativliyin və əlçatanlığın təmin edilməsidir. Ədliyyə orqanlarında aparılan islahatlar vətəndaşların hüquq və mənafelərinin təminatına xidmət edir.
Ədliyyə sahəsində həyata keçirilən islahatların davam etdirilməsini, ədliyyə orqanlarının və məhkəmələrin fəaliyyətinin daha da təkmilləşdirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün” Dövlət Proqramı qəbul edilib. Həmin proqramda ədliyyə və məhkəmə fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi, ədliyyə orqanlarının fəaliyyətində insan hüquq və azadlıqlarının, şəffaflıq prinsiplərinin təmin olunması, beynəlxalq təsisatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın genişləndirilməsi, ədliyyə sahəsində vətəndaş məmnunluğunun yüksəldilməsi və bu sahədə İKT-nin tətbiqinin gücləndirilməsi əsas fəaliyyət istiqamətləri olaraq təsbit olunub.
Həmçinin proqramda ədliyyə sistemində kadr potensialının gücləndirilməsi və işçilərinin sosial müdafiəsinin yaxşılaşdırılması, o cümlədən, onların mənzilə olan ehtiyacının güzəştli şərtlərlə təmin edilməsi və yaşayış şəraitinin yaxşılaşdırılması, vəzifələrinin nümunəvi icrasının qiymətləndirilməsi və fəaliyyətinin stimullaşdırılmasına dair tədbirlər planı öz əksini tapıb.
Peşə bayramlarını qalib xalqın nümayəndələri kimi böyük qürur hissi ilə qeyd edən ədliyyə işçiləri tarixi Zəfər günlərini bizlərə yaşatdığına görə Prezidentə sonsuz minnətdarlıq və ehtiram hissi keçirir, Müzəffər Ali Baş Komandanımızı qarşıdan gələn yubileyi münasibətilə təbrik etməkdən şərəf duyurlar.