BAKI, 22 noyabr — Sputnik. Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") ilə apardığı danışıqlar nəticəsində Rusiyaya bitkiçilik məhsullarının ixracı ilə bağlı maneələr aradan qaldırılıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə AQTA sədri Qoşqar Təhməzli mətbuat konfransında deyib.
O bildirib ki, iki qurum rəhbərinin Moskvada sonuncu görüşü zamanı "Rosselxoznadzor"un rəhbəri Sergey Dankvert Agentliyin bu sahədə həyata keçirdiyi nəzarət tədbirlərini yüksək qiymətləndirib, həmçinin Azərbaycanda qida sahəsində yaradılan laboratoriyaların peşəkarlıq səviyyəsinin qida təhlükəsizliyinin təmin olunmasındakı rolunu xüsusi vurğulayıb.
Q.Təhməzli qeyd edib ki, əldə olunmuş razılığa əsasən, pomidor istehsalı təsərrüfatlarında ixrac icazəsinin alınması məqsədilə Rusiya tərəfindən aparılan videomonitorinqlər dayandırılır və cari ilin 1 dekabr tarixindən etibarən pomidor istehsalı müəssisələrinə "Rosselxoznadzor"un ixrac icazəsi birbaşa AQTA-nın zəmanət məktubuna əsasən veriləcək. Həmçinin aşağı riskli bitkiçilik məhsulları müəyyən edilərək, Rusiyaya ixrac zamanı fitosanitar nəzarəti baxımından yaşıl dəhlizə salınması təmin olunacaq.
"Əldə edilən razılığa görə, cari il dekabr ayının 1-dən ixrac olunan bitkiçilik məhsullarının hər partiyasının virus və bakteriya mənşəli xəstəliklərə görə yoxlanılması dayandırılmaqla AQTA mütəxəssisləri tərəfindən təsərrüfatlarda həyata keçirilən monitorinqlər və ilkin laborator ekspertiza nəticələri yetərli hesab ediləcək. Bu, sahibkarların əlavə vaxt və vəsait itkisinin qarşısını alacaq", - deyə o bildirib.
Qeyd edək ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında sərhəddə müşahidə olunan sıxlığın aradan qaldırılması məqsədilə cari il dekabr ayının 1-nə qədər qurumların sədr müavinləri səviyyəsində Dağıstan Respublikasının "Yaraq-Kazmalar" keçid məntəqəsində görüşlər keçiriləcək.