BAKI, 21 noyabr - Sputnik. Kreml türk milliyyətçilərinin lideri Dövlət Baxçalı tərəfindən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana hədiyyə edilən türk dünyasının xəritəsinə münasibət bildirib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Rossiya1” telekanalında yayımlanan “Moskva. Kreml. Putin” verilişində deyib ki, həmin xəritədə türk dünyasının mərkəzinin Rusiyada, Altayda olduğunu göstərən qırmızı ulduzun olmamasına təəssüflənir.
"Türk tərəfdaşlarımız türk birliyi ideyasını təbliğ edirlər, bu normaldır. Təəssüf edə biləcəyim yeganə şey xəritədə türk dünyasının mərkəzində hələ də böyük qırmızı ulduzun olmamasıdır. O, Türkiyədə deyil, Rusiya Federasiyasının ərazisində, Altayda, hər bir türk üçün müqəddəs olan, onların gəldikləri yerdədir."
Peskov əlavə edib ki, bu fikirləri türkoloq kimi deyir.
Xatırladaq ki, bu günlərdə Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı ölkə prezidenti Rəcəb Tayyib Ərdoğana türk dünyasının xəritəsini təqdim edib.
Xəritədə Azərbaycan da daxil olmaqla, müstəqil türk respublikaları qırmızı rəngdə, türk xalqlarının yaşadıqları digər ərazilər isə narıncı və sarı rənglərdə qeyd edilib.
İkincilərə Balkan yarımadasının bir hissəsi, Rusiyanın cənub əraziləri və şərqi Sibir, Çinin Sintszyan-Uyğur muxtar vilayəti, eləcə də İran və Monqolustanın müəyyən əraziləri daxildir.