BAKI, 21 noyabr — Sputnik. Bakı animatorları dünyada populyar olan "Kalmar oyunu" (Squid Game) serialı əsasında uşaqlar üçün əyləncəli oyunlar təşkil edirlər. Sputnik Azərbaycan xəbər verir ki, son vaxtlar bu cür elanlar sosial şəbəkələrdə olduqca tez-tez verilir.
Uşaq şənliklərinin təşkili ilə məşğul olan şirkətlər çox vaxt əxlaqi prinsiplərə zidd olan dünya trendlərdən geri qalmamağa çalışaraq müştəriləri cəlb edirlər. Şənliklərdə uşaqlara adıçəkilən serial əsasında oyuncaq avtomatlar verilsə də, onlara serialdakı tapşırıqları yerinə yetirmək təklif olunur.
Bu cür elanların altında şərhçilər valideynlərə ayıq olmağı tövsiyə edir, uşaqları bayrama, tədbirə göndərərkən orada hansı müsabiqələrin keçiriləcəyini dəqiqləşdirməyi məsləhət görürlər.
Azərbaycan Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov bildirib ki, "Kalmar oyunu" uşaq əyləncə və oyunları üçün yaxşı süjet xətti deyil.
"Əvvəla, bu, uşaq şənliklərinin təşkilatçılarına və onların təkliflərinə yaradıcılıq əlavə etmir. İkincisi, bu, qətiyyən uşaq üçün film deyil. Mən 14 yaşından kiçik olan uşaqlara bu filmə baxmağı tövsiyə etməzdim, çünki orada uşaq psixikası üçün ağır olan zorakılıqla bağlı çox səhnələr var", - deyə psixiatr qeyd edib.
İsmayılovun fikrincə, "Kalmar oyunu" serialına müasir cəmiyyəti, cəmiyyətdə pul hərisliyini, kreditləri tənqid edən sosial yüklü sənət əsəri kimi baxmaq lazımdır. Serialda kifayət qədər ciddi sosial faciə nümayiş etdirilir, ancaq bunu bir növ uşaq oyununa çevirmək ağlabatan deyil - bu uşaq oyunu deyil.
"Kalmar oyunu" serialı əsasında oyunlara baxmaq və ya iştirak etmək uşaqların kövrək psixikasına fərqli yollarla təsir edə bilər. Bu filmdən sonra bəzi uşaqlar gecələr kabus görə bilər, digərlərində isə aqressivlik arta bilər.
"Serial uşağı riskli hərəktlər etməyə sövq edə bilər. Ancaq ən əsası isə, yetkinlik yaşına çatmayan uşağın həyata münasibəti dəyişə bilər", - deyə İsmayılov hesab edir.
Psixiatr valideynlərə tövsiyə edir ki, övladlarının psixoloji hərəkətlərinin təhrif olunmasına görə məsuliyyəti dövlətin üzərinə atmasınlar.
"Uşağın nəyə baxdığına, kiminlə dost olduğuna, küçəyə çıxanda necə geyindiyinə ailə özü nəzarət etməlidir. Başqa ölkələrdə olduğu kimi, bizdə də rəsm və çəkilişlərə baxmaq üçün yaş məhdudiyyəti qoyulur. Bu, artıq kifayətdir. Yenə də uşağın nə ilə məşğul olduğunu bilmək valideynlərin məsuliyyətidir. Belə məsələlər dövlətin səlahiyyətində deyil", - deyə mütəxəssis bildirib.