BAKI, 21 noyabr — Sputnik. Ərzaq təhlükəsizliyinin və ərzaq təminatının gücləndirilməsi Azərbaycan üçün prioritet məsələlərdən biridir. Azərbaycan istehlak etdiyi ərzaq məhsullarının təxminən 60 faizini idxal edir və o baxımdan idxaldan asılılığın aradan qaldırılması və tələbin daha çox yerli istehsal hesabına formalaşmasına ehtiyac var.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Sputnik Azərbaycan-a ölkənin ərzaq təhlükəsizliyindən danışarkən bildirib.
Deputat diqqətə çatdırıb ki, Azərbaycanın mövcud imkanları və xüsusən də işğaldan azad olunmuş ərazilərimizin potensialı ərzaq təminatının və eləcə də ərzaq təhlükəsizliyinin formalaşmasına imkan yaradır:
"Ona görə də bu istiqamətdə işlərin gücləndirilməsi və sistemli şəkildə ərzaq təminatının formalaşmasına ünvanlanan yeni proqramların qəbul edilməsinə ehtiyac var. Xüsusən də pandemiya və postpandemiya dövründə qlobal iqtisadiyyatda baş verənlər ondan xəbər verir ki, növbəti illərdə, o cümlədən 2022-ci ildə dünya bazarında inflyasiya səviyyəsi yüksək olacaq. Hətta bəzi məhsullar üzrə gələcəkdə - növbəti 5 il ərzində dünya bazarında qıtlığın yaranması ehtimalı və riskləri kifayət qədər çoxdur. Ona görə də təhlükəsizliyin formalaşması üçün ərzaq təminatının genişləndirilməsi olduqca vacibdir. İdxaldan asılılığın aradan qaldırılması və yerli istehsal hesabına tələbin ödənilməsinə ehtiyac var".
"Dövlət dəstəyinin bu istiqamətdə artırılması və daha çox subsidiyaların təklif olunması vacibdir. Çünki subsidiyalar ünvanlı verilsə də təklifimiz ondan ibarətdir ki, bunun yalnız strateji deyil, digər məhsullar üzrə də istehsal edilən məhsulun həcminə bağlanması və əlaqələndirilməsi yaxşı olardı", - deyə o qeyd edib.
Deputatın fikrincə, eyni zamanda real sektorda və xüsusən aqrar sektorda rəqabətin gücləndirilməsi ilə bağlı fəaliyyətin genişləndirilməsi vacibdir: "Dövlət dəstəyi maliyyə dəstəyi formasında olmaqla yanaşı, həm də digər formalarda, o cümlədən istehsal edilən məhsulların bir qisminin dövlət ehtiyatları üçün alınması və məhsulların mövsüm olaraq saxlanmasına dəstəyin gücləndirilməsi istiqamətində də olmalıdır. O baxımdan dövlət dəstəyinin daha yaxından və sistemli şəkildə gücləndirilməsinə ehtiyac var ki, növbəti illərdə idxaldan asılılığın aradan qaldırılması və tələbin daha çox yerli istehsal hesabına ödənilməsinə nail ola bilək".
V.Bayramov bildirib ki, dünyada təkcə ərzaq məhsullarında deyil, qeyri-ərzaq məhsullarının qiymətində də artımlar var: "Bunun əsas səbəblərindən biri sərt karantin tədbirləri dövründə istehsalın azalmasıdır, amma fiks xərclər stabil olaraq qalırdı. Artıq sərt karantin tədbirlərindən sonrakı dövrdə həmin sahibkarlar və iş adamları əvvəlki dövrdə yığılmış xərcləri istehsal edilən məhsulların maya dəyərinə əlavə etdilər. Bu da qiymətlərdə artımlara səbəb olub. Eyni zamanda son 10 ildə ərzaq məhsullarına tələbin artmasını müşahidə edirik. Tələbin artması və təklifin azalması dünya bazarında qiymətlərin qalxmasına gətirib çıxardır".
Qeyd edək ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov Milli Məclisdə büdcə müzakirələri zamanı deyib ki, ölkənin ərzaq təhlükəsizliyinin səviyyəsi yüksəldilməlidir: "Bu ekosistemdə ciddi işlərin görülməsinə ehtiyac var. Əhalinin ərzaq təhlükəsizliyini təmin etmək üçün burada əsas şərt azad rəqabəti təmin etməkdir. Qiymət artımına təsir edən təbii amillər var. Amma süni qiymət artımı rəqabət rejimində olan problemlərlə bağlıdır. Biz burada azad rəqabəti təmin etməliyik".
O qeyd edib ki, bitki yağının, taxıl məhsullarının qiyməti sürətlə yüksəlib. Buna qlobal tələbatın, yanacaq, gübrə və logistika xərclərinin artması təsir edib. İqtisadiyyatda inflyasiya gözləntiləri məqbul səviyyədə lövbərlənib. Biz hesab edirik ki, inflyasiyanın önlənməsi rejiminə keçid inflyasiyanın faiz göstəricilərinə təsir göstərəcək. Gələn il iqtisadiyyatın əsas hədəfi inflyasiyanı hədəf trayektoriyaya qaytarmaq olacaq. Bütövlükdə ərzaq inflyasiyasına diqqət artırılmalıdır.
E.Rüstəmov bildirib ki, qlobal ticarətdə qırılmalar, pandemiya ilə əlaqədar işçi qüvvəsinin çatışmazlığı yaşanır: "Proqnozlara görə, qlobal əmək bazarı pandemiyadan əvvəlki vəziyyətə qayıtmayacaq. Qlobal işsizlik səviyyəsinin 2021-ci ilin sonuna kimi isə 206 milyon nəfərə yüksəlməsi gözlənilir".
O əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında hazırlanmış antiböhran proqramı 2020-ci ildə iqtisadi tənəzzülün qarşısını alıb və 2021-ci ildə iqtisadi artıma səbəb olub. Tikinti sahəsi istisna olmaqla, cari ildə bütün sahələrdə artım müşahidə edilib.