TƏHLİL

"Azəristiliktəchizat" borcunu ödəməsə, "Azəriqaz" qazın verilişini dayandıracaq

Maaş, pensiyaların artırılması, arağın, konyakın aksiz dərəcəsinin qaldırılması, vergi güzəştləri, tez xarab olan aqrar məhsulların Rusiyaya çatdırılması məsələsi Sputnik Azərbaycan-ın materialında.
Sputnik
BAKI, 21 noyabr — Sputnik. Bu həftə Azərbaycanda baş verən mühüm iqtisadi hadisələri oxucuların diqqətinə çatdırırıq. Yola saldığımız həftə Milli Məclisin plenar iclasında büdcə zərfinin müzakirəsinə başlanıb və gələn ilin büdcəsi birinci oxunuşda qəbul edilib.
Dövlət büdcəsinin gəlir və xərcləri artırılır
Qeyd edək ki, 2022-ci il üçün dövlət büdcəsinin gəlirləri 26816,0 milyon manat proqnozlaşdırılır ki, bu da 2021-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 1389,0 milyon manat və yaxud 5,5 faiz, 2020-ci ilin icra göstəricisi ilə müqayisədə 2134,3 milyon manat və yaxud 8,6 faiz çox, 2021-ci ilin gözlənilən icra göstəricisi ilə müqayisədə isə 170,0 milyon manat və yaxud 0,6 faiz azdır.
Dövlət büdcəsinin xərcləri 29879,0 milyon manat proqnozlaşdırılır ki, bu da 2021-ci ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1336,0 milyon manat və ya 4,7 faiz, 2020-ci ilin icra göstəricisi ilə müqayisədə isə 3462,7 milyon manat və yaxud 13,1 faiz çoxdur.
Minimum pensiya 240 manata qaldırılır
Əmək pensiyalarının orta aylıq məbləği 2019-cu ildə 264 manat, 2020-ci ildə 301 manat, 2021-ci ildə 328 manat təşkil edib, 2022-ci ildə isə 343 manat təşkil edəcəyi proqnozlaşdırılır, yaşa görə pensiya isə 372 manat təşkil edəcək. Əmək pensiyasının minimum məbləği 2017-ci ildə 110 manat, 2018-ci ildə 116 manat, 2019-cu ildə 200 manat müəyyən edilib, 2022-ci ildə isə bu rəqəmin 240 manata çatdırılması nəzərdə tutulur. Növbəti ildə yaşa görə pensiyanın cari ildəki 331 manatdan 372 manata, əlilliyə görə pensiyanın 261 manatdan 299 manata, ailə başçısını itirməyə görə pensiyanın 263 manatdan 298 manata çatdırılması gözlənilir.
Azərbaycandan Rusiyaya məhsulların dəmir yolu ilə daşınmasına tətbiq edilən qiymətlər aşağı salınıb
Azərbaycandan kənd təsərrüfatı məhsullarının ixracının asanlaşdırılması istiqamətində növbəti addım atılıb. "Rusiya Dəmir Yolları" SC ilə birgə işlənib-hazırlanmış yeni layihə tez xarab olan aqrar məhsulların Rusiyaya keyfiyyətli, vaxtında çatdırılmasını nəzərdə tutur. Layihənin əsası bu ilin sentyabr ayında Moskvada, Rusiya və Azərbaycan arasında kənd təsərrüfatı məhsullarının nəqlinin inkişaf etdirilməsi üçün iki ölkə dəmiryolçuları arasında xüsusi görüşdə qoyulub.
"Rusiya Dəmir Yolları" və onun törəmə şirkəti olan "RJD Logistika" SC ilə "ADY Express"in nümayəndələri arasında danışıqlar və daha sonra görülən tədbirlər nəticəsində bir sıra kompleks qərarlar qəbul edilib. Qərarlar daşıma tariflərini, yükdaşımaların texnologiyasını, terminallarda yükaşırma prosesi və vaqon təminatını əhatə edir. Belə ki, daşıma iştirakçıları öz ərazilərində bu cür yüklərin daşınması tarifində güzəştlər tətbiq etməyə başlayıblar. Rusiya ilə sərhədə yaxın olan Xaçmaz rayonu ərazisində, əsasən kənd təsərrüfatı məhsullarının aşırıldığı yeni terminaldan istifadə ediləcək.
Yüklər bu terminalda vaqonlara yüklənərək birbaşa Moskva yaxınlığında yerləşən Selyatino stansiyasına və oradan birbaşa olaraq son müştəri-alıcıya çatdırılacaq. Layihənin həyata keçirilməsi üçün soyuducu vaqonlardan (refseksiya və refkonteyner) istifadə ediləcək. Yük həcmi artdıqca, sahibkarların məhsullarının istehlakçıya vaxtında çatdırılmasını təmin etmək üçün tərəflər özəl refvaqon və refkonteynerlərin cəlb edilməsini təmin edəcəklər. Məqsəd tarlalardan son alıcıya vaxtında və keyfiyyəti qorumaq şərti ilə məhsulu çatdırmaqdır.
AQTA Rusiyaya ixrac olunan pomidor və almaları yoxlayacaq
Moskvada Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") rəhbəri Sergey Dankvert arasında görüş keçirilib.
Hazırda Rusiyaya Azərbaycanın 204 müəssisəsi və 1 kənd təsərrüfatı kooperativindən pomidor, 70 təsərrüfatdan isə alma tədarükü mümkündür. Danışıqlar zamanı Sergey Dankvert və Qoşqar Təhməzli bu istiqamətdə aparılan işlərin yekunlarına əsasən, razılığa gəliblər ki, ölkəmizdən məhsul ixrac edən təsərrüfatlarda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən monitorinqlər aparılaraq "Rosselxoznadzor"a karantin tətbiq edilən zərərvericilərdən azad müəssisələrin siyahısı təqdim olunsun və səlahiyyətli qurumun zəmanəti altında gələcəkdə tədarük imkanları daha da genişləndirilsin.
Tibbi xidmətlərə görə ödənilən ƏDV-ni geri almaq mümkün olacaq
Gələn ildən tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilən əlavə dəyər vergisini (ƏDV) fiziki şəxs olan istehlakçılar geri ala biləcəklər. Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilir.
Lakin digər dəyişikliklə, ƏDV-nin qaytarılması mexanizmi avtomobillər, alkoqollu içkilər və tütün məmulatlarının alışına aid edilməyəcək. Mövcud qanunvericiliyə görə, indiyədək ancaq neft və qaz məhsulları ƏDV-nin geri qaytarılmasına aid edilmirdi. Bundan sonra avtomobillər, alkoqollu içkilər və tütün məmulatlarının alışı da buraya əlavə ediləcək.
Qeyd edək ki, qüvvədə olan qanunverciliyə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycanın ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir.
Tibbi xidmətlərə görə beş yüz manatdan artıq olan ödənişlər nağdsız həyata keçiriləcək
İxtisaslaşmış qaydada, o cümlədən komisyon və ticarət təşkilatları vasitəsilə avtomobil satışı üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək.
Sputnik Azərbaycan xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan "Nağdsız hesablaşmalar haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Hesablaşmaların yalnız nağdsız qaydada həyata keçirilməsinə pərakəndə satış qaydasında (mebellərin və məişət texnikasının satışı istisna olmaqla) təqdim edilən malların satışı üzrə bir əməliyyat çərçivəsində iki min manatdan artıq olan ödənişlər; mebellərin və məişət texnikasının satışı üzrə bir əməliyyat çərçivəsində on min manatdan artıq olan ödənişlər; tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində beş yüz manatdan artıq olan ödənişlər də daxil ediləcək.
Həmçinin buraya "Lotereyalar haqqında" və "Bədən tərbiyəsi və idman haqqında" qanunlarla tənzimlənən münasibətlər üzrə müəyyən edilmiş ümumi məbləği üç min manatdan artıq olan uduşlar (mükafatlar) və oyunlarda iştirakla bağlı pul ödənişləri (pul qoyuluşları) də aid ediləcək.
Maaş, pensiya, müavinət və təqaüdlər artırılacaq
Maliyyə naziri Samir Şərifov diqqətə çatdırıb ki, növbəti il maaşların, pensiyaların, müavinət və təqaüdlərin artırılması nəzərdə tutulub. Bunun üçün lazımi qədər vəsait ayrılıb. 2022-ci ildə ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün də 258 milyon manat vəsait ayrılacaq.
Şəhid ailələri və qazilərə verilən maddi yardımın gəlir vergisindən azad edilməsi təklif olunur
Sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükünün azaldılması istiqamətində verilmiş təkliflərdən biri şəhid olmuş şəxslərin ailə üzvlərinə və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara verilən maddi yardımın 10 min manatadək olan hissəsinin gəlir vergisindən azad edilməsidir.
Hədiyyələrin, təhsil və ya müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 1000 manatadək olan hissəsi gəlir vergisindən azaddır və bu azadolma sosial statusundan asılı olmayaraq maddi yardım alan bütün fiziki şəxslərə tətbiq edilir.
Şəhid olmuş şəxslərin ailə üzvlərinə və hərbi əməliyyatlar nəticəsində əlil olmuş hərbi qulluqçulara və mülki şəxslərə dövlət tərəfindən göstərilən diqqət və qayğının davamı olaraq bu kateqoriyaya aid fiziki şəxslərə verilən və məqsədli təyinatından asılı olmayaraq maddi yardımların 10000 manatadək olan hissəsinin gəlir vergisindən azad edilməsi təklif olunur.
Gəlir vergisi üzrə təklif edilən digər bir dəyişiklik ölkə daxilində müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 10000 manatadək olan hissəsi, xaricdə müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatın haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 40000 manatadək olan hissəsinin gəlir vergisindən azad edilməsidir.
Vergi Məcəlləsi qüvvəyə mindiyi 2001-ci il tarixdən etibarən müalicə haqlarının dəyərinin 1 000 manatadək olan hissəsi, xaricdə müalicə haqlarını ödəmək üçün maddi yardımın, müavinətin dəyərinin 2000 manatadək olan hissəsi gəlir vergisindən azad edilib. Ötən dövr ərzində tibb sahəsində qiymət artımları, habelə cərrahiyyə əməliyyatlarının mövcud qiymətləri nəzərə alınaraq ölkə daxilində həmin məbləğlərin 1000 manatdan 10000 manata, xüsusilə xarici ölkələrdə müalicə haqlarının, o cümlədən cərrahiyyə əməliyyatlarının məbləği yüksək olduğundan 2000 manatdan 40000 manatadək artırılması təklif edilib.
Araq, likör və konyakın aksiz dərəcələri artırılır
Vergi Məcəlləsinə təklif edilən dəyişikliklə içməli spirt, araq, likör və konyakın aksiz dərəcələri artırılır. Layihəyə əsasən, içməli spirt (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti, tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti), araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likör və likör məmulatları, konyak və konyak materiallarının hər litrinə tətbiq olunan aksiz dərəcəsi 3,2 manatdan 4 manata qaldırılır.
"Azəriqaz": "Azəristiliktəchizat" qaz borcunu dekabrın 15-dək ödəməlidir
"Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində bildirib ki, "Azəristiliktəchizat" ASC qazın istifadəsinə görə "Azəriqaz" İstehsalat Birliyinə yaranan borcunu bu ilin dekabrın 15-dək ödəməlidir. Onun sözlərinə görə, borcun bir hissəsi artıq ödənilib, lakin tərəflər arasında əldə olunan razılığa görə, bu proses dekabrın 15-dək tam təmin edilməlidir. Borc ödənilmədiyi təqdirdə "Azəriqaz" qazın verilişini dayandırmaq məcburiyyətində olacaq.
Qeyd edək ki, noyabr ayının 1-dən dağlıq rayonlarda, noyabrın ortalarında isə ölkənin digər regionlar üzrə istilik təchizatına start verilib.
Rəqabət Məcəlləsi qısa müddətdə hökumətə təqdim olunacaq
Antiinhisar və İstehlak bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli bildirib ki, rəqabətə zidd davranışların qarşısının alınmasına dair nəzarət mexanizmlərinin təkmilləşdirilməsini özündə ehtiva edən Rəqabət Məcəlləsi qısa müddətdə hökumətə təqdim olunacaq. Onun sözlərinə görə, bununla yanaşı, dövlət satınalmalarında səmərəlilik və şəffaflığı təmin edən "Dövlət satınalmaları haqqında" yeni qanun layihəsi hazırlanaraq müvafiq dövlət orqanlarına təqdim olunub.