BAKI, 20 noyabr - Sputnik. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel regiondakı vəziyyəti və dekabrın 15-də Brüsseldə keçiriləcək "Şərq Tərəfdaşlığı" Sammitinə hazırlığı müzakirə etmək üçün Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon əlaqəsi saxlayıb.
Bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Aİ Şurasının Prezidenti Şarl Mişel Sammit çərçivəsində Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın Brüsseldə görüşünə ev sahibliyi etməyi təklif edib.
Aİ-nin məlumatında deyilir:
"Liderlər Aİ-nin dəstəklədiyi firavan və sabit Cənubi Qafqaz üçün regional vəziyyəti və gərginliyin aradan qaldırılması yollarını müzakirə etmək üçün Brüsseldə görüşməyə razılaşıblar".
Telefon danışıqları zamanı Ermənistan və Azərbaycan liderləri həmçinin insidentlərin qarşısının alınması mexanizmi kimi müvafiq müdafiə nazirləri səviyyəsində birbaşa rabitə xəttinin yaradılması barədə razılaşıblar.