BAKI, 20 noyabr — Sputnik. "Bu gün Ağdamın işğaldan azad olunmasının ilk ildönümüdür. 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandanın rəhbərliyi altında bizim igid oğullarımız elə bir tarixi qələbəyə imza atdılar ki, düşmənə elə bir sarsıdıcı zərbə endirdilər ki, düşmən bu gücün qarşısında tab gətirə bilməyib kapitulyasiya aktına imza atdı".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, düşmən 10 noyabr 2020-ci il üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq, Ağdamı 20 noyabr tarixində bir güllə belə atılmadan Azərbaycan tərəfinə təslim etməyə vadar oldu: "O gündən etibarən Ağdama qovuşduq. Bilirsiniz ki, mayın 28-də Prezident Ağdama səfər etmişdi. Ağdam ictimaiyyəti ilə görüşdə Ağdamın Baş Planını təqdim və təsdiq etdi. Və o gündən etibarən Ağdamda böyük quruculuq işlərinə başlanılıb. Əslində quruculuq işləri daha əvvəldən başlanılıb. Çünki Ağdam işğaldan azad olunduqdan 3 gün sonra cənab Prezident Birinci vitse-prezident Mehriban Əliyeva ilə birlikdə Ağdama səfər etmişdi. O tarixdən etibarən Ağdamda quruculuq işlərinə start verilib. Olduğumuz meşə zolağı Ağdamda yaradılacaq 4 böyük meşə zolağından ən böyüyüdür. Burada ilk ağacı cənab Prezident əkib. Bu gün həmin meşə zolağında nəzərdə tutulmuş 1200 ağacı əkməklə o zolağı tamamlamış olduq. Eyni zamanda, paralel olaraq Eldar şamı ilə yanaşı, burada palıd ağacının toxumları da səpildi".
E.Hüseynov bildirib ki, Ağdamda aparılan quruculuq işlərinin artıq ilk görüntüləri var: "Bərdə-Ağdam yolunun icrası layihəsi sürətlə gedir. Eyni zamanda, Ağdamda 2 yarımstansiyanın inşası artıq başa çatıb".
Onun sözlərinə görə, görülən işlər vətəndaşlarımızın tez bir zamanda öz evlərinə böyük qayıdışını təmin etmək məqsədi daşıyır.