DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ-İran münasibətlərinin "qızıl dövrünün" rəhbəri öldü

Sputnik
BAKI, 20 noyabr - Sputnik. Şah dövründə İranın ABŞ-da səfiri olan, 1979-cu ildə ayətullah Xamneyi hakimiyyətə gələndən sonra ölkəni tərk etmiş Ərdəşir Zahidi 93 yaşında İsveçrədə dünyasını dəyişib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Washington Post yazır.
Sabiq diplomat Amerika-İran münasibətlərinin "qızıl dövrünə" rəhbərlik etdiyini tez-tez söyləməyi sevərmiş. İranda inqilabdan sonra ölüm cəzası kəsildiyindən İsveçrəyə köçməyə məcbur olub.
Zahidinin daimi qonağı, aristokratlardan yazan Doris Lilli bir dəfə onu belə təsvir etmişdi: "ağıllı, heyrətamiz, yaraşıqlı, gözəl nitqə sahib, zərif, varlı, nüfuzlu və möhtəşəm, Vaşinqtonda nüfuza malik hər kəslə vicdansızcasına flirt edən insan".
Siyasətçi İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvinin etibarlı müşaviri və keçmiş kürəkəni, eləcə də qərbyönümlü hökumətin ən nüfuzlu diplomatlarından olub. ABŞ-da, şayiələrə görə, aktrisa Elizabet Teylorla eşq yaşayıb. Həmçinin dövlət katibi Henri Kissincer və senator Barri Qolduoterlə dostluq edib.
"Pleyboy" adlandırılmağına etiraz etməyən Zahidi müntəzəm təşkil etdiyi ziyafətlərdə işlə əyləncəni birləşdirdiyini deyirmiş. Onun sözlərinə görə, bunlar ona dost və nüfuz qazanmağa yardım edirmiş.
Zahidi siyasətçi ailəsindən idi - ana babası parlamentin spikeri, atası, general Fəzlullah Zahidi isə 1953-cü ildə MKİ və Britaniya kəşfiyyatının köməyi ilə dövlət çevrilişi təşkil edənlərdən biri olmuşdu.