RUSİYA

Lavrov və Çavuşoğlu zəngləşiblər: Regiondakı son durum müzakirə edilib

Türkiyə və Rusiyanın XİN başçıları həm İraq və Suriya ərazisində aparılan son əməliyyatları, həm də Azərbaycan-Ermənistan sərhəddindəki son gərginliyi müzakirə ediblər.
Sputnik
BAKI, 19 noyabr - Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla telefonla danışıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, telefon söhbətində nazirlər ikitərəfli əlaqələr və bəzi regional mövzularla bağlı müzakirə aparıblar.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriya və İraqda PKK və YPG terror təşkilatlarının üzvlərinə qarşı əməliyyatları davam etdirir. Türkiyənin Müdafiə Nazirliyinin məlumatına görə, əməliyyatlar nəticəsində 9 terrorçu zərərsizləşdirilib.
Vurğulanır ki, Türkiyə ordusunun İraqın şimalında keçirdiyi "Pençe-Kaplan" əməliyyatı zonasında üç yaraqlı zərərsizləşdirilib, digər terrorçular isə Suriya ərazisində keçirilən "Sülh mənbəyi" və "Zeytun Budağı" əməliyyatları zonasında neytrallaşdırılıb.
Ehtimal olunur ki, Türkiyə və Rusiyanın XİN başçıları həm İraq və Suriya ərazisində aparılan son əməliyyatları, həm də Azərbaycan-Ermənistan sərhəddindəki son gərginliyi müzakirə ediblər.