BAKI, 19 noyabr — Sputnik. "Gürcüstan "3+3" əməkdaşlıq təşəbbüsünə Cənubi Qafqazın üç ölkəsinin cəlb olunacağı alternativ format təklif edir".
Sputnik Azərbaycan-ın Report-a istinadən xəbər verir ki, bunu Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani parlamentdə çıxışında deyib.
XİN başçısının sözlərinə görə, Tbilisi Gürcüstan, Azərbaycan və Ermənistan arasında dialoq meydançası kimi çıxış edə bilər: "Əlbəttə ki, bizim siyasi və ya münaqişə prosesində vasitəçi qismində çıxış etməyimiz üçün ambisiya və resurslarımız mövcud deyil.
Bizim regionda gərginliyi azaltmağa kömək edəcək iqtisadi layihələr təklif etməklə, həmçinin uzunmüddətli sülh qurmaqla bağlı ambisiyalarımız var. Gürcüstan Azərbaycan və Türkiyə ilə birgə Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ceyhan, Avropaya enerji resurlarını tədarük edən layihələrdə iştirak edir. Bu, erməni tərəfdaşlarımız üçün də maraq doğura bilər".
D.Zalkaliani bildirib ki, Cənubi Qafqazın gələcəyi həll olunmalıdır: "Biz bölgə ölkələri ilə konkret iqtisadi, logistika, nəqliyyat layihələri, tranzit, turizm, insanlar arasında münasibətlərlə bağlı müzakirələr aparmaq istəyirik. Geosiyasi məqsəd güdən hipotetik layihələri isə müzakirə etmək istəmirik. Mövqeyimiz çox aydındır və əlavə əsaslandırmalar tələb edir.
Baş nazir İrakli Qaribaşvilinin bölgədə sülh təşəbbüsü də bu məqsədə xidmət edir. Bu təşəbbüs Cənubi Qafqazda vəziyyəti sabitləşdirə və yeni əhəmiyyətli infrastruktur layihələri inkişaf etdirməyə imkan verə bilər".
O qeyd edib ki, "3+3" formatı ilə bağlı Gürcüstanın mövqeyi kifayət qədər aydındır: "Ərazilərimizi işğalda saxlayan ölkənin olduğu geosiyasi layihədə iştirak edə bilmərik. Bu mövqeyimi türkiyəli, azərbaycanlı və erməni həmkarlamrımla görüşlərdə açıq şəkildə ifadə etmişəm".
Həmçinin oxuyun: