BAKI, 19 noyabr — Sputnik. BMT-nin nüvə üzrə Müşahidə Təşkilatının rəhbəri Rafael Qrossi gələn həftə İrana səfər edəcək. Sputnik Azərbaycan "Reuters"-ə istinadən xəbər verir ki, Beynəlxalq Atom Enerji Agentliyi (MAQATE) bu məlumatı təsdiqləyib.
İranın MAQATE-dəki sözçüsü Bəhruz Kamalvəndi mediaya açıqlamasında bildirib ki, Rafael Qrossi gələn həftənin çərşənbə günü İran XİN rəhbəri Hüseyn Abdullahianla görüşəcək. Səfər çərçivəsində MAQATE rəhbəri digər yüksək səviyyəli rəsmilərlə də görüş keçirəcək.
Məlumat üçün bildirək ki, noyabrın 29-da Vyanada İran və böyük beşlik arasında 2015-ci ildə əldə edilmiş nüvə sazişini canlandırmaq məqsədilə danışıqların davam etdirilməsi gözlənilir.
Birgə Hərtərəfli Fəaliyyət Planı kimi tanınan saziş sanksiyaların yüngülləşdirilməsi müqabilində İranın nüvə proqramını məhdudlaşdırmaq məqsədi daşıyır.
Xatırladaq ki, Birləşmiş Ştatlar 2018-ci ildə sazişdən çıxıb və İran o vaxtdan bəri nüvə proqramında fəallığını artırıb.
Prezident Co Bayden İranın müqaviləyə tam əməl edəcəyi təqdirdə yenidən pakta qoşulmaqda maraqlı olduğunu bildirib.