BAKI, 19 noyabr - Sputnik. ABŞ Prezidenti Cozef Bayden səlahiyyətlərini müvəqqəti olaraq ölkənin vitse-prezidenti Kamala Harrisə təhvil verəcək.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Ağ Evin mətbuat katibi Cen Psaki məlumat yayıb.
Amerika liderinin öz səlahiyyətlərini vitse-prezidentə ötürməsi halı Bayden administrasiyası hakimiyyətə gəldikdən sonra ilk dəfə baş verəcək.
Həmçinin ABŞ-da ilk dəfə olaraq qadın qısa müddətə də olsa, dövlət başçısının səlahiyyətlərini öz əlində cəmləşdirəcək.
Məlumata görə, Co Bayden müayinə üçün Walter Reed Tibb Mərkəzinə gedəcək və burada tibbi müayinədən (kolonoskopiya) keçəcək. Proses anesteziya üsulu ilə aparılacaq.
Belə olan təqdirdə ABŞ qanunvericiliyi dövlət başçısının səlahiyyətlərinin vitse-prezidentə təhvil verməsini nəzərdə tutur.
“2002 və 2007-ci illərdə prezident Corc Buşda olduğu kimi və ABŞ Konstitusiyasında müəyyən edilmiş prosedura uyğun olaraq, prezident Bayden anesteziya altında olduğu müddətdə səlahiyyətləri qısa müddətə vitse-prezidentə keçirəcək”, - deyə Psakinin yazılı açıqlamasında bildirilir.