BAKI, 19 noyabr — Sputnik. Azərbaycan-Ermənistan arasında baş verən son toqquşmalara beynəlxalq təşkilatlardan və ABŞ-dan reaksiyalar gəlməkdə davam edir. Tərəfləri təmkinli olmağa çağıranlar məsələlərin dialoq müstəvisində həllini təklif edirlər. Digər istinad edilən məqam isə beynəlxalq hüquqla bağlıdır. Azərbaycanın Ermənistanla müəyyən edilməmiş sərhədlərində yaşanan toqquşmalar bu məqamda beynəlxalq hüququ yenidən önə çıxarır.
Sputnik Azərbaycan son baş verənlərlə bağlı millət vəkili Fazil Mustafa və Cənubi Koreyanın Hankuk Universitetinin professoru, politoloq Rövşən İbrahimovla həmsöhbət olub.
Millət vəkili Fazil Mustafa deyir ki, beynəlxalq hüquqda sərhədlərin toxunulmazlığı məsələsi var, ancaq eyni zamanda təcavüz olunursa, özünümüdafiə hüququ da təsbit olunub:
"Ermənistan tərəfi ərazi bütövlüyünü tanımırsa, BMT nizamnaməsini pozmuş olur. Biz Ermənistanın ərazi bütövlüyünü tanıyırıq, belə bir problemimiz yoxdur", – deyə millət vəkili bildirib.
Professor Rövşən İbrahimov bildirib ki, Ermənistanın Azərbaycanı ərazilərinə soxulmaqda ittiham etməsi üçün ilk növbədə iki ölkə arasında sərhədlərin mövcud olması lazımdır. Onun sözlərinə görə, Azərbaycan sovet zamanı olan sərhədlərinin GPS və naviqator vasitəsilə müəyyənləşdirilməsini həyata keçirir: "Hər iki ölkə müstəqilliyini qazandıqdan sonra onların arasında sərhəd olmayıb. Bu gün Azərbaycanın sovet xəritələri əsasında apardığı bölgünü Ermənistan tanımaq istəmir. Ona görə də Ermənistan “Sərhədimiz pozulub” deyəndə sual olunur ki, sərhəd haradadır?"
Rövşən İbrahimov beynəlxalq hüququn tanıdığı imkanlara da diqqət çəkib. O bildirib ki, BMT-nin üzvü olan hər bir ölkə təkbaşına və kollektiv şəkildə ərazi bütövlüyünü müdafiə etmək hüququna malikdir:
Qərbdən gələn açıqlamalarla bağlı da danışan professor bildirib ki, ABŞ və digər beynəlxalq təşkilatlar bu məsələyə qarışmaq istəmir: "Onlar bu məsələdə balanslı mövqe sərgiləyirlər. Rusiyanın bölgədəki hakim rolunu qəbul edirlər. Onlar da görürlər ki, sərhəddəki vəziyyətin gərginləşməsi üçün əsaslı səbəblər yoxdur, tərəflər demarkasiya və delimitasiyaya başlamalıdırlar. Azərbaycan Qərbdən gələn açıqlamaları da müsbət qarşılayır. Bu baxımdan bununla bağlı hər hansı problem mövcud deyil".