HADİSƏ

Həkim köməkçisi qaçaqmal əməliyyatını başa çatdıra bilmədi

İstanbul-Bakı aviareysinin sərnişinindən xeyli miqdarda diş implantı aşkar edilib.
Sputnik
BAKI, 18 noyabr — Sputnik. Gömrükçülər külli miqdarda diş implantlarının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikasının vətəndaşı Tünzalə Nəsirova nəzarətə götürülüb. Vətəndaş gömrük nəzarətindən "Yaşıl kanal" buraxılış sistemi vasitəsilə keçmək istəyərkən saxlanılıb, o, əşyalarına baxış və üzərində şəxsi yoxlama keçirilməsi üçün "Qırmızı kanal" buraxılış sisteminə yönləndirilib.
Sonra hal şahidlərinin iştirakı ilə keçirilən yoxlama zamanı həmin şəxsin çamadanında gömrük nəzarətinə əvvəlcədən təqdim olunmayan, yazılı, elektron və ya şifahi formada bəyan edilməyən 120 ədəd "Bone Level" markalı implant abatmenti və 8 ədəd "Aggressor" markalı diş implantı aşkar olunub. Adı çəkilən vətəndaşın orta təhsilli olduğu və həkim köməkçisi işlədiyi müəyyən edilib.
Komitədən bildirilib ki, ümumiyyətlə, son vaxtlar bəzi şəxslərin sözügedən tibbi ləvazimatları qanunsuz yolla ölkə ərazisinə gətirməsi cəhdlərinə tez-tez rast gəlinir. Bu ləvazimatların gömrük sərhədindən gömrük nəzarətinə bəyan etmədən keçirilməsi üçün digər sərnişinlər arasında paylanması halları müşahidə edilir.
Müvafiq qanunvericiliyə əsasən, diş implantı və implant abatmentlərinin idxalı sanitar-gigienik qaydalara əməl olunmaqla Səhiyyə Nazirliyinin icazəsi ilə həyata keçirilir. Həmin tibbi ləvazimatların müvafiq qaydalara əməl edilmədən idxalı infeksion xəstəliklərin yayılması riskini artırır.